“Sumqayıt”ın 1200 manatlıq çempionluğu - FOTOLAR

18 Dekabr 23:00 Hadisə 111
“Sumqayıt”ın 1200 manatlıq çempionluğu - FOTOLAR

Peşəkar Futbol Liqasının rəhbərliyi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə idman jurnalistlərini bir araya gətirdi.

Artıq bir neçə ildir davam edən ənənəvi tədbiri əvvəlkilərdən fərqləndirən cəhət bu dəfəki bayramı Bakıda yox, Şamaxıdakı məşhur Pirqulu rəsədxanasının yaxınlığındakı istirahət mərkəzində qeyd etməyimiz idi.

Üçü Sportinfo.az-dan olmaqla ümumilikdə 70-ə yaxın idman yazarının rahatlığı üçün yaradılan şəraitə söz ola bilməzdi. Ən kiçik detala qədər nəzərdə tutulmuşdu.

Tədbirin ən maraqlı hissəsi təbii ki, intellektual yarışın keçirilməsi və təxminən 3 saatı əhatə edən mübarizədə komanda üzvlərinin yaşadığı çətin anlar idi.

Hər komandada 5 nəfər olmaqla püşk nəticəsində ümumilikdə 12 kollektiv yaradılmışdı ki, komandalara Premyer Liqa təmsilçilərinin adları verilmişdi.

Hər nə qədər qəribə səslənsə də, çempionluq mübarizəsində “Qarabağ”ın adı yox idi. “Qızıl” uğrunda rəqabət “Sumqayıt”la “Sabah”ın arasında gedirdi ki, sonuncu turda xalları bərabərləşən komandalar üçün futbol dili ilə desəm, əlavə vaxta ehtiyac duyuldu.

Həlledici dueldə 5 sualın hamısına doğru cavab verən “Sumqayıt” xüsusi mükafatlara – 1200 manata, kubok və medallara sahibləndi. Finalda uduzan “Sabah” 600, 3-cü yerlə kifayətlənən “Kəpəz” 300 manat qazandı.

İki günlük qarlı Şamaxı səfəri unudulmaz anlarla yadda qaldı. Fürsətdən istifadə edib göstərdiyi diqqətə görə PFL rəhbərliyinə təşəkkür edirik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Dekabr 19:30 Çək və bizə göndər!