Şəmkir Olimpiya Kompleksinin stadionunda oğurluq hadisəsinin baş verməsindən xəbərdarsız.
Günlər öncə məlum informasiyanı yazmışıq.
Arenadan böyük miqdarda elektrik naqilləri oğurlanıb.
Gecə saatlarında yaşanan hadisə “Şəmkir”in ev oyunlarını keçirdiyi məkanın işıqlandırma sistemini yararsız hala salıb. Çünki stadionda quraşdırılmış projektorların kabelləri də oradan daşınıb.
Qarətçilər “iş” görən zaman futbolçular kompleksin ərazisindəki katejlərdə olsalar da, heç kim onların üzünü görməyib. Hadisədən bir qədər öncə ərazinin işıqları söndüyündən, oyunçular qaldıqları yerdən bayıra çıxmayıblar.
Şəmkir Olimpiya Kompleksinin direktoru Mahir Şirinov yaydığımız informasiyanı təsdiqləyib. O, faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparıldığını bildirib:
“Şəmkir Olimpiya Kompleksində baş verən oğurluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) və Azərbaycanın Gənclər və İdman Nazirliyinə məlumat vermişik.
Hazırda kompleksi qarət edən şəxslərin müəyyən edilərək tapılması istiqamətində tədbirlər görülür. Stadionun işıqlandırma sistemi ilə bağlı yaranmış problem isə artıq aradan qaldırılıb”.
Redaksiyamıza daxil olan son informasiyaya görə, kompleksə 10 min manata yaxın ziyan dəyib. Oğurlanan yüksəkgərginlikli naqillər 300 metr təşkil edib.
Burada qalan futbolçular rəhbərliyə bildirib ki, hadisə gecə saat 02:00 radələrində baş verib. Onların bir neçəsi çöldən səs-küy eşitdiklərini, lakin bunun oğurluqla bağlı olduğunu güman etmədiklərini söyləyiblər.
SPORTİNFO.AZ

