“Yerini bilmirəm ki, gedib baş çəkim” – O, Hafiz Məmmədovu axtarır

8 May 20:40 Hadisə 480
“Yerini bilmirəm ki, gedib baş çəkim” – O, Hafiz Məmmədovu axtarır

“Çox istərdim Hafiz Məmmədovla görüşüb, söhbət edib.

Ancaq yerini-yurdunu bilmirəm ki, gedib baş çəkim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Bakı”da uzun illər kapitanlıq sarğısını daşımış Cəmşid Məhərrəmov deyib.

Klubun tarixin yaddaşına köçməsində “Bakı”nın sahibi Hafiz Məmmədovun müflis olması böyük rol oynadı.

İş fəaliyyəti ilə bağlı müəyyən problemlər yaşayan klubun prezidenti öncə “Bakı”nın süquta uğramasına, daha sonra min bir əziyyətlə inşa olunan bazanın dağıdılmasına mane ola bilmədi.

Məmmədov 10 ilə yaxındır futboldan uzaq düşüb. İndi isə vaxtilə birlikdə çalışdığı məşqçi və futbolçulardan onu itirib-axtaran yoxdur. Varsa da, sayları iki əlin barmaqlarına sığmayacaq qədər azdır.

Cəmşid keçmiş patronunun düşdüyü vəziyyətdən xəbərdar olsa da, Mənmədovun etdiyi yaxşılıqları unutmadığını və unutmayacağını bildirib:

“Şəxsi əlaqəmiz yoxdur deyə, başına gələnləri təfərrüatı ilə bilmirəm. Ancaq mətbuatda yazılanlardan xəbər tuturam.

İşində problemlərin yarandığını, həbs olunduğunu – hamısını saytlarda oxumuşam.

Allah işlərini avand etsin! Tezliklə yarımçıq qalan işlərinin başına keçsin!

Futbol camiəsində Hafiz müəllimi tanımayan, bütün xoş sözlərə layiq insan olduğunu bilməyən yoxdur. Xüsusən biz futbolçulara qarşı necə olub, onu bir Allah bilir, bir də özümüz.

Yatsaydım, yuxuma da girməzdi ki, hadisələrin sonu belə olacaq. İnşallah, ən qısa zamanda görüşməyə çalışacam”.

Hafiz Məmmədovun prezidentliyi dönəmində “Bakı” iki dəfə Azərbaycan çempionu olub, üç dəfə ölkə kubokunu qazanıb, bir dəfə gümüş, bir dəfə bürünc medalları qazanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti