Bakıda keçirilən stend və güllə atıcılığı üzrə Dünya Kubokunda 84 ölkədən 700 atlet mübarizə aparır.
Bakı Atıcılıq Mərkəzində təşkil olunan turnir təkcə yarışların keçirilməsindən və mükafatlandırma mərasimlərindən ibarət deyil.
Belə ki, final görüşləri zamanı zala toplaşan azarkeşlər arasında bilik viktorinası təşkil olunur. Burada ən maraqlı məqam viktorina suallarının təkcə atıcılığı və Paris-2024 Olimpiadasını əhatə etməməsidir.
Suallarda Azərbaycanın təbliğatına xüsusi yer verilir. Məsələn, kişilər arasında 50 metr məsafəyə 3 mövqedən atəş açma növünün final mərhələsində yaranmış fasilə zamanı proqramın ingiltərəli aparıcısı səhnəyə iki azarkeşi dəvət edib. Estoniyadan olan xanımı və Avstraliyadan gəlmiş bəyi.
Aparıcının onlara ünvanladığı 5 sualdan 2-si ölkəmizlə bağlı olub.
1. Azərbaycanın sinonim adı nədir?
A. Küləklər yurdu.
B. Odlar yurdu.
C. İstilər yurdu.
Estoniyalı xanım Azərbaycanla Bakını səhv salaraq “A” variantı seçib. Britaniyalı aparıcı həm iştirakçıların, həm də zalda əyləşən qonaqların diqqətinə Azərbaycanın “Odlar yurdu” anlamını verdiyini bildirib.
Növbəti sualın cavabını avstraliyalı bəy düzgün müəyyənləşdirməli idi ki, o, bunu bacarıb.
2. Bunlardan hansı Azərbaycanın milli yeməyi hesab olunur?
A. Blov
B. Dlov
C. Plov
Milli mətbəximizin ən gözəl təamlarından birinin adını tapmaqda çətinlik çəkməyən avstraliyalı atıcılıqla bağlı digər suallara da doğru cavab verərək hədiyyə qazanıb.
Ölkəmizdə keçirilən beynəlxalq yarışlar zamanı Azərbaycanın bu şəkildə təbliğ olunması təqdirəlayiq haldır. Ümid edək ki, digər idman yarışları zamanı bu kimi məqamlar nəzərə alınacaq.
HƏBİB / SPORTİNFO.AZ

