"Qoymayın ölüm, tələbələrim gözləyir" - Şuşada şəhid olan çempionumuzun son sözləri

28 Yanvar 2021 12:40 Hadisə 900
"Qoymayın ölüm, tələbələrim gözləyir" - Şuşada şəhid olan çempionumuzun son sözləri

Vətən savaşı bizə həm də minlərlə igidimizi, qəhrəmanımızı, torpaq uğrunda canından keçən şəhid və qazilərimizi tanıtdı.

Gənc oğullarımız düşmən tapdağında olan torpaqları öz qanı ilə azad edib, yaşamaq hüququndan keçdi.

O qəhrəmanlardan biri də, Şamilov Emil Rafiq oğludur.

Emil Şamilov 1996 -cı ildə Bakı şəhərinin Sabunçu rayonunda dünyaya göz açıb. Orta təhsilini Ramanada yerləşən 296 saylı orta məktəbdə alıb. 2016- cı ildə hərbi xidmətini başa vuraraq, ailəsinin yanına dönüb.

Uşaq yaşlarından idmana olan həvəsi valideynlərinin gözündən yayınmayıb və onu idmana yazdırıblar.

Türk dünyasının milli döyüş sənəti olan Alpaqut döyüş sənətinin sirlərini dərindən öyrənən Emil həm bu idman növündə, həm də karate idmanında ard- arda uğurlar əldə edib. 12 dəfə Azərbaycan çempionu, 1 dəfə Avropa və 1 dəfə dünya çempionu adını qazanıb. Bundan əlavə, Asiya və Zaqafqaziya çempionatlarının da qalibi olub.

İdmanda peşəkarlıq səviyyəsinə çatan Emil “Alparslan” idman klubunu təsis edib. Bundan sonra həm də müəllim kimi idman dərsləri keçib, gənclərə bu idman növünün sirlərini öyrədib.

Onun ən böyük arzularından biri Şuşanı azad görmək idi. Bu arzu ilə də döyüşlərə qatılıb. Cəbhənin bir neçə istiqamətində misilsiz qəhrəmanlıqlar göstərib.

Sonuncu döyüşü isə Hadrutun düşmənlərdən azad edilməsi uğrunda olub. Döyüşlərdə qəhrəmanlıq göstərən Emil, düşmən snayperinin açdığı atəş nəticəsində şəhidlik məqamına ucalıb.

Qəhrəmanımız şəhid olandan sonra “Vətən uğrunda”, " Cəbrayılın azad olunmasına görə", "Şücaətə görə" medalları ilə təltif olunub.

Alim Liftiyev
Elçin Əkbərov

Digər Xəbərlər
Xəbər Lenti