Tanınmış futbol adamı mərhum klub prezidenti haqda elə xatirələrini bölüşdü ki…

24 Yanvar 2021 09:20 Hadisə 651
Tanınmış futbol adamı mərhum klub prezidenti haqda elə xatirələrini bölüşdü ki…

İnanmaq istəməsək də, daha bir acı xəbər bizi sarsıtdı.

"Turan"ın ən uğurlu prezidentlərindən biri olmuş Tahir Yusifov haqq dünyasına qovuşdu.

İlk görüşümüzdən gülərüz, səmimi insan kimi xatirələrdə həkk olunub. Klub rəhbəri, sponsor olaraq heç vaxt kollektivə yuxarıdan aşağı baxmazdı. Klubda bütün məsələlər, məsləhətləşərək, kollegial həll edilirdi...

Çox mehriban rəhbərlik, idarə heyəti formalaşmışdı. Yaşar Sultanov, Şahin Mehdiyev, Namik Məstanov, Rəşid Məhərrəmov, Rasim Əliyev, İman Həsənov... Və təbii ki, Naci Şensoyun başçılıq etdiyi məşqçilər korpusu, Sakit Alıyev və digər köməkçilər...

Öz dövrünə uyğun güclü komanda formalaşdırılmışdı. Ramiz Məmmədov, Nadir Nəbiyev, Azər Məmmədov, Kənan Kərimov, Romal Hüseynov, hələ gənc yaşlarında olmalarına baxmayaraq əsas heyətdə çıxış edən Aftandil Hacıyev, Ayxan Abbasov, Kamran Ağayev...

Legionerlər Asen Nikolov, Skaçenko, Belyakov...

Hələ 18 yaşları tamam olmamış Cavid Hüseynov, Elvin Məmmədov da komandaya cəlb edilmişdi. Naci bəy gənclərlə çalışmağı çox sevirdi. Təcrübəli futbolçularla istedadlı yerlilərin vəhdətindən iddialı heyət qurulmuşdu.

Klubun yaradıcısı Vidadi Əhmədovun "Turan"ından sonra ən güclü komanda formalaşdırılmışdı. Büdcə digər iddialı klublardan geri qalsa da, Tahir Yusifov imkanı daxilində komanda üçün hər bir şərait yaradırdı, maddi-mənəvi köməyini əsirgəmirdi.

Hazırda akademiyaya çevrilən, 90-ların əvvəlində Vidadi müəllim tərəfindən inşa etdirilmiş baza yenidən təmir edilib futbolçuların ixtiyarına verilmişdi, tribunalar yenilənmişdi. Hətta Naci Şensoyun daha yaxşı şəraitdə qalması üçün,Tahir müəllim Tovuzdakı öz evini baş məşqçiyə həvalə etmişdi...

Ölkədə iqtisadi dirçəliş yeni sürət alırdı. Bölgələrimizdə imkanlar hələ ürəkaçan, indiki kimi deyildi. Hər gün axşamlar işıqlar söndürülür, qaz təchizatından isə danışmağa dəyməzdi. Gecələr baza generatorla işıqlandırılırdı. İnternet aşağı sürətdə təzə-təzə rayonlara ayaq açırdı...

Bütün çətinliklərə baxmayaraq hamımız, futbolçular qarışıq bazada qalırdıq. Naci bəy də ona ayrılan evə getmirdi. Səmimiyyət o səviyyədə idi ki, məişət çətinlikləri unudulurdu.

Bütün Tovuz futbolla yaşayırdı, oyunlara saatlar qala tribunalar dolurdu. Aşağı yaş qrupları üzrə komandalara, gələcək futbolçu nəslinə də xüsusi diqqət var idi. Hətta ikinci komanda yaradılaraq "Rote Fahne" adıyla birinci dəstəyə buraxıldı və yetişməkdə olan yerli futbolçular orada çıxış edirdilər.

Tahir Yusifov komanda üçün Türkiyədən müasir avtobus alıb gətizdirdi. Futbolçuların maaş, mükafatlarında heç bir gecikmələr olmurdu. Hər kəsə çox böyük qayğıyla yanaşırdı. İdarə heyətinin təklifləri dərhal yerinə yetirilirdi.

"Turan" ilk turlardan liderlər qrupunda möhkəmlənmişdi. Komanda istər doğma Tovuzda, istərsə səfər oyunlarında baxımlı hücum futbolu sərgiləyirdi. Naci Şensoy fəlsəfəsində ehtiyatlı oyun, heç-heçəyə oynamaq anlayışı yoxuydu. Bu da azarkeşlərə xüsusi zövq verirdi.

Hər matçdan sonra Tahir müəllim komandaya mütləq qonaqlıq verərdi. Rəhbər, məşqçi, futbolçular bir yerə yığışardı. Bu da özlüyündə

kollektivdə birliyi, qarşılıqlı hörməti daha da möhkəmləndirirdi. Bakıda işləri çox olsa da, klub prezidenti komandayla nəfəs alırdı.

Tahir Yusifov haqqında keçmiş zamanda düşünmək çox ağırdır. Səmimi, qayğıkeş insan kimi hər zaman xatirələrimizdə yaşayacaq. "Turan"ın dirçəlməsində, 10 minlərlə azarkeşlərin sevinməsində müstəsna əməyi keçmiş dəyərli klub prezidenti futbol durduqca unudulmayacaq...

Ruhun şad olsun, Tahir müəllim!

ALLAH RƏHMƏT ELƏSİN.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”