COP29

“Qarabağ” kuboku qazansa və ya “Zirə” finala çıxa bilməsə...

24 Aprel 16:00 Gündəm 1 434
“Qarabağ” kuboku qazansa və ya “Zirə” finala çıxa bilməsə...

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

“Qarabağ” ilk matçda səfərdə qapısından 4 cavabsız top keçirdiyi “Neftçi”ni qonaq edəcək.

“Zirə” üç həftə əvvəl doğma meydanda 2:1 hesabı ilə məğlub etdiyi “Qəbələ”nin qonağı olacaq.

Ağdamlıların böyük ölçüdə finalda oynayacağını deyə bilərik. Möcüzə baş verməlidir ki, “Neftçi” çempionu azı 4 top fərqi ilə udsun. Hardadır o möcüzə?

İkinci finalçının adı ciddi maraq doğurur. Zirəlilər Qəbələdən sərfəli nəticə ilə qayıda bilsə, iyunun 2-də həlledici qarşılaşmada mübarizə aparacaq.

Bununla həm də Premyer Liqanın dördüncüsünün avrokuboklara vəsiqə qazanmasına şərait yaradacaq.

Yəni “Qarabağ”la “Zirə”dən biri “qənimət”ə sahib çıxsa və hər ikisi mövsümü ilk “4-lük”də başa vursa, “dördüncü” Konfrans Liqasında oynayacaq.

Yox, “Zirə” mərhələ adlaya bilməsə, gözünü Premyer Liqaya dikməli olacaq. “Qəbələ”nin ardıcıl ikinci il kubok qazanması bölgə təmsilçisinin avrokuboklara yolunu açacaq.

Belədə çempionat yolu ilə yalnız üç komanda avrokuboklara vəsiqəni təmin edəcək.

“Qarabağ” Çempionlar Liqasında mübarizə aparacaq, ikinci yerin sahibi ölkəmizi Avropa Liqasında təmsil edəcək,

üçüncü yeri tutan Konfrans Liqasında oynayacaq. Bir sözlə, “Zirə” işini xeyli asanlaşdırmaq üçün Qəbələ səfərindən sərfəli nəticə ilə qayıtmalıdır.

Yeri gəlmişkən, Azərbaycan kubokunun sahibi “Qarabağ” olsa, Premyer Liqada ilk dörd yeri tutanlar avrokubok sevinci yaşayacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” dueli saat 17:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Neftçi” qarşılaşması saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti