AFFA yeni prezidentini qarşılamağa hazırlaşır.
Rövnəq Abdullayevin 16 il sürən dönəmi aprelin 2-də rəsmən başa çatacaq.
Həmin gün hesabat-seçki konfransı keçiriləcək və federasiya sayca dördüncü rəhbərini ayaqüstə qarşılayacaq.
O şəxs, böyük ehtimalla, Rövşən Nəcəf olacaq. SOCAR-ın prezidenti bu dəqiqəyə kimi AFFA-ya gəlməyə ən real namizəd sayılır.
Qeyri-adi hadisə baş verməsə, başqa bir iddialı fiqur ortalığa çıxmayacaq.
Rövşən Nəcəfin nəfəsinin yaxınlaşmasını hiss edən AFFA-da həyacan artıq özünün pik həddindədir. Elxan Məmmədovun qurumda yerləşdirdiyi və uzun illərdir burada çalışan kadrlarının canına vicvicə düşüb.
Gedişatdan anlayıblar ki, yeni prezident onların bir çoxuyla yola çıxmayacaq, təyinatdan az sonra islahatlara start veriləcək.
Onların narahatlığı əsaslıdır. SOCAR rəhbərliyinə yaxın mənbələrdən redaksiyamıza sızan informasiyalara görə, R.Nəcəf həqiqətən AFFA-da ciddi və köklü kadr islahatı aparmaq niyyətindədir.
Demək olar bütün departament rəisləri və komitə sədrləri vəzifədən uzaqlaşdırılacaq.
AFFA-da 200 nəfər civarında bir personal mövcuddur. Əksəriyyəti Elxan Məmmədovun süzgəçindən keçənlərdir. 14 ilə yaxın müddətdə federasiyanı təkbaşına idarə etmiş icraçı vitse-prezidentə yaxın kim varsa, onların siyahısı tutulub.
Hazırda FİFA-nın Paris ofisində işləyən E.Məmmədova bağlı şəxslərin dosyesi ayrı-ayrılıqda incələnib.
Çox az ehtimal var ki, onlardan hansılarsa bu «ələmə»dən «sağ çıxsın» və AFFA-da qalsın.
SPORTİNFO.AZ

