COP29

İlkin plan - Paytaxt Bakıdan hara köçürülə bilər?

18 Sentyabr 07:50 Gündəm 579
İlkin plan - Paytaxt Bakıdan hara köçürülə bilər?

Paytaxt Bakıda tıxacın, sıxlığın artması, şəhərin artan yükü fonunda məhdudlaşan hərəkət zəruri addımların atılmasını təşviq edir.

Paytaxtın dəyişdirilməsi optimal addım kimi dəyərləndirilir.

Bu qərarın illər öncə verilməli olmasından danışılır. Bunun üçün Qazaxıstan nümunəsi əsas göstərilir.

Mövzu ilə bağlı Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Azərbaycanın da Qazaxıstanla eyni vaxtda qərar çıxarıb paytaxtı dəyişdirə bilmək imkanlarından danışıb.

“Sadəcə olaraq o zaman Azərbaycanda şərtlər fərqli idi. Qarabağ Ermənistan işğalında olduğuna görə, ölkənin bir bölgəsinin gələcəyi ilə bağlı konkret təsəvvür yox idi. Amma indi torpaqlar işğaldan azad olunub. İndi imkan var ki, bu istiqamətdə çevik qərar qəbul edilsin. Ölkənin sərhədlərindən bir qədər uzaqda Ağdamın paytaxt statusunda olması daha məqbuldur. Şəhər yenidən qurulur və orada paytaxt salmaq mümkündür. Dövlət idarələri, ayrı-ayrı müəssisələr Ağdama köçürülə bilərdi. Bu plan nəzərdə tutulmadı. Ola bilsin ki, hökumətin nəzərdə tutduğu müəyyən məqamlar var”, - deyə o əlavə edib.

Fazil Mustafa hesab edir ki, alternativ olaraq Azərbaycanın digər mərkəzi rayonlarının birində, geniş məkanda, əlverişli təbii şəraiti, su təchizatı, kommunikasiya xəttləri olan bir yerdə paytaxtın salınması mümkün ola bilər:

“Bakını isə iri sənaye, ticarət və mədəni mərkəz kimi qoruyub saxlamaq olar. Söhbət yükün azalmasından gedir. Daxili miqrasiya həll olunmalıdır. Regionlarda insanlar üçün real iş imkanı olmalıdır. Sosial mühit yaradılmalıdır ki, insanlar öz bölgəsinə daha çox bağlı qalsın. Əksəriyyət işsizlikdən Bakıya axın edib. Müəyyən müəssisələri də Bakıdan köçürmək lazımdır. Hazırda Gəncədə də sıxlıq yaşanır. Sumqayıt da eyni durumdadır. Dövlət orqanları paytaxtda yerləşdiyi üçün yük bölüşdürülməli, şəhər xilas edilməlidir. Yol infrastrukturunu həll etmək böyük problemdir. Vaxtında gecəqonduların tikintisinin qarşısı alınmadı deyə ciddi problemlər var. Ona görə də, konkret çıxış yolu göstərmək çətindir. Məsələni ictimai müzakirəyə çıxarıb yekun nəticəyə gəlmək olar”

VI çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vahid Əhmədov da hesab edir ki, paytaxtın Bakıdan köçürülməsi məsələsinə çoxdan baxılmalı idi:

“Hazırda ölkəyə kifayət qədər maşın idxal edilir. 90-cı illərdə Azərbaycanda 320 minə yaxın maşın var idi. İndi isə bu rəqəm 2 milyona yaxınlaşır. Paytaxt yollarında müəyyən işlər görülsə də bu qaneedici deyil. Məktəblər, institutlar, universitetlər, dövlət idarələrinin hamısı Bakıdadır. Ona görə də, bu gün paytaxtda ciddi sıxlıq müşahidə olunur. Yeni yaşayış binaları tikilir, rayonlara nisbətən Bakıda sıx məskunlaşma var. Qarabağ işğaldan azad edildikdən sonra keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün də müəyyən vaxt lazımdır”.

Vahid Əhmədova görə, yeni bir şəhərin yaradılmasına ehtiyac var:

“Bunun üçün imkan və vəsait növcuddur. Bakıya yaxın ərazilərdə belə imkanlar var. Misal olaraq Bakı-Quba yolunun Yaşma istiqamətində boş sahələr mövcuddur. Orada bir şəhər salıb müəyyən nazirlikləri, dövlət idarələrini köçürmək olar. Əgər bu variant alınmasa ali məktəbləri şəhərdən kənara çıxarmaq lazımdır. Çünki bütün ali məktəblər Bakının mərkəzindədir. Bu da ciddi sıxlığa, tıxaca səbəb olur. Şəhərdə artan tıxaclar artıq böyük çətinliklər yaradır. Hökumət bu istiqamətdə müəyyən qərarlar qəbul etməlidir. Milli Məclisdə də bu mövzu mütəmadi olaraq diqqətdə saxlanılıb. Bəzən fikirlər səslənir ki, paytaxtı Göyçaya, Gəncəyə köçürmək lazımdır. Bu, effektiv olmayacaq. Azərbaycan da Qazaxıstan və digər dövlətlərin təcrübəsindən yararlana bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 21:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM