Onların “Real” – “Borussiya”sı var, bizim də öz finalımız!

2 İyun 2024 18:35 Gündəm 747
Onların “Real” – “Borussiya”sı var, bizim də öz finalımız!

Bizim öz finalımız var.

“Real” – “Borussiya” onların finalı idisə, “Qarabağ” – “Zirə” bizim finalımız olacaq.

Azərbaycan futbolu ilə yaxından maraqlananlar axşam saat 7-dən etibarən “Liv Bona Dea Arena”nın yolunu tutacaq.

Matçdan bir saat əvvəl pop ulduz Aygün Kazımova mahnıları ilə könülləri şad edəcək. Saat 8-də Azərbaycan kubokunun start fiti çalınacaq.

Məsəl var, hər kəsin balası özünə şirindir. Sözsüz, “Real” – “Borussiya” dueli dünyanın brendi olaraq diqqət mərkəzində idi. Bu oyun bütün komponentlərdə keyfiyyət mənasında bizimkini üstələyir.

Ancaq Azərbaycan reallığını və futbolumuzun dadını-duzunu nəzərə alsaq, möhtəşəm qarşılaşma olacağına şübhə etməyə dəyməz.

Futbolsuz qaldığımız günlərdə bombardir Juninyonun hücumdakı fəallığını, Zubirin topla davranışlarını, Ruanın müdafiədəki “dəmir” funksiyasını izləmək xoş olacaq. Gərginlik, prinsipiallıq, ehtiras...

İllərin dostları Qurban Qurbanovla Rəşad Sadıqovu yenidən rəqib qismində görməyin də bir ayrı ləzzəti var.

“Qarabağ” “qızıl dubl” həvəsindədirsə, zirəlilər tarixində ilk dəfə titul qazanmaq istəyir. Hər iki komandanın umacağı var.

Bu oyuna Çempionlar Liqasının final matçının davamı kimi yanaşaraq Mərdəkana gələnlərin zövq alacağına şübhə etməyə dəyməz. Çox maraqlı olacaq.

Hələ mükafatlandırma mərasimi də var.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu