“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçında “Bayer Leverkuzen”i qəbul edəcək.
Qonaqlar Bakıdakı oyuna itkilərlə çıxacaq.
Rəqibin heyətində ən ciddi itki Viktor Bonifeyslə bağlıdır. 23 yaşlı nigeriyalı forvard xeyli müddətdir zədəsinin müalicəsi ilə məşğuldur.
Son görüşlərdə adı iştirak ərizəsinə salınmayan “qol ümidi”nin Bakıda meydana çıxacağı inandırıcı görünmür.
Cari mövsümdə Premyer Liqada 16 oyunda 10 qol, avrokuboklarda 5 görüşdə 4 qol vuran, “Qarabağ”la qrup mərhələsində hər iki qarşılaşmada fərqlənən Viktorun yoxluğunda hücum xəttinin ağırlığı Patrik Şiklə Amin Adlinin çiyinlərinə düşür.
“Bayer”in bombardirindən başqa braziliyalı Artur da təmsilçimizə qarşı forma geyinməyəcək.
Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

