Mifik “artsax” tarixin zibilliyinə atılsa da, erməni separatçı-revanşistlər kapitulyant ölkədə vaxtaşırı baş qaldırmağa çalışırlar.
Bu da növbəti fakt - “Joxovurd” qəzetinin məlumatına görə, uydurma “artsax parlamenti”nin “deputatları” yaxın vaxtlarda “iclas” çağırmaq niyyətindədirlər.
İddia olunur ki, artıq konsensus da əldə olunub və “tədbirin” vaxtı ilə bağlı müzakirələr aparılır.
“Bizə çatan məlumatlara görə, gündəlikdəki əsas məsələ, fevralın 2-də yazdığımız kimi, "parlamentin istintaq komissiyası"nın yaradılması məsələsi olacaq. 2023-cü ilin mart ayından “artsax” sakinlərinin maaşlarından tutulan məbləğlərin yığılan pensiya fonduna köçürülmədiyini, bəzi naməlum xərclərə yönəldildiyini yazmışdıq. Bununla əlaqədar deputatlar “vətəndaşlar”ın əmanətlərinin nəyə sərf edildiyini və buna görə kimin cavabdeh olduğunu öyrənmək üçün təhqiqat komissiyası yaratmaq niyyətindədirlər", - qəzet yazıb.
Aydındır ki, motivindən asılı olmayaraq, belə bir “iclas” baş tutarsa, 19 sentyabr antiterror tədbirlərindən sonra ilk dəfə olacaq və sözsüz ki, separatçı ünsürlərin Azərbaycana qarşı açıq təxribatı sayılacaq. Eyni zamanda bu avantüraya mane olmayan Nikol Paşinyan iqtidarına konkret sual yaradacaq. Bəs hakimiyyət təxribata imkan yaradacaqmı? Şübhə yox ki, məsələdə hər hansı loyallıq ən əvvəl Paşinyan hökumətinin Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyinin növbəti təsdiqi olacaq. Yəni ərazi bütövlüyü ilə bağlı davam edən “ikili oyun”. Xatırladaq ki, İrəvan rəsmiləri Ermənistanda mifik “artsax” institutlarının saxlanmasının ölkənin milli təhlükəsizliyinə təhlükə olduğu barədə dəfələrlə açıqlamalar verib.
Spiker Alen Simonyan açıq surətdə qeyd edib ki, Ermənistan ərazisində dövlətə aid olmayan strukturlar fəaliyyət gösətər bilməz. Habelə, baş nazir Nikol Paşinyan da bu tezisi inkişaf etdirir. Ümumiyyətlə, gerb, himn dəyişikliyinin zərurəti, qanunvericilikdə ərazi iddialarının qaldırılması müzakirə mövzusudur.

