Azərbaycanda hərbi xidmət müddəti 2 aya endiriləcək? - VACİB XƏBƏR

2 Fevral 2024 20:30 Gündəm 1 250
Azərbaycanda hərbi xidmət müddəti 2 aya endiriləcək? - VACİB XƏBƏR

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik layihəsi parlamentin 1 fevral tarixli iclasında müzakirəyə çıxarılıb.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Elnur Allahverdiyev müzakirələrdə çıxış edərək, dövlət büdcəsinə vəsait ödənilməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaradılması təklifini irəli sürüb.

Millət vəkilinin sözlərinə görə, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay müddətində keçmək olar.

Deputat qeyd edib ki, dəyişiklik həyata keçirilərsə, bütün ali məktəblərdə bir vaxtlar mövcud olmuş hərbi kafedraların bərpası məsələsinə də baxıla bilər.

Deputat E.Allahverdiyev deyib ki, bu yenilik məşğulluq probleminin çözümünə də öz tövhəsini verər. Onun qənaətincə, ödənişli və qısamüddətli hərbi xidmətdən əldə edilən büdcə gəlirləri öz növbəsində ordunun ehtiyaclarına, yaxud hərbi heyətin məvaciblərinin artırılmasına yönəldilər.

Millət vəkilinin bu təşəbbüsü ilə bağlı fikirlərini Medianews.az-a bölüşən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, bədəlli əsgərliyin mümkünlüyü müzakirələri Milli Məclisin müvafiq komitələrində aparılmalıdır.

Onun sözlərinə görə, bu ödənişli əsgərliyin illərinə görə qiymətləri müəyyən olunmalıdır: “Ödənişli hərbi xidmətin keçirilməsi təklifləri Azərbaycan Silahlı Qüvvələrində xidmət edə biləcək səfərbərlik ehtiyatı sayılan şəxslərə şamil edilməsi nəzərdə tutulur. Amma, qanunvericilik hələlik bunu əsaslandırmır. Xüsusən də, “Hərbi xidmət keçmək haqqında” əsasnamədə yalnız bizim səfərbərlik ehtiyatlarımızın orduya cəlb olunması və ali təhsili olmayanların 1 il 6 ay, ali təhsillilərin isə 1 il xidmət keçməsi müəyyən edilib. Bədəlli əsgərliyin mümkünlüyü müzakirələri ilk növbədə Milli Məclisin müvafiq komitələrində aparılmalıdır. Bu ödənişli əsgərliyin illərinə görə qiymətləri müəyyən olunmalıdır. İstənilən vətəndaşın müvafiq məbləği ödəmək imkanı varsa, ödəyir və mülkidə öz işlərinin arxasınca gedə bilir. Azərbaycan Silahlı Qüvvələrində bunun tətbiqi, qiyməti və kütləvi şəkildə mümkünlüyünü aparılan müzakirələrin nəticəsində öyrənəcəyik”.

Hərbi ekspert E.Şıxəliyev vurğulayıb ki, Azərbaycanın müdafiə doktrinasını və təhlükəsizlik konsepsiyasını müəyyən edən qurumlar da ödənişli hərbi xidmətlə bağlı yanaşmalarını ortaya qoymalıdırlar: “Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların səfərbərlik ehtiyatlarının sayı və mövcud tələbat necə bir-birini tamamlayır deyə, bir dəyərləndirmə aparılmalıdır. Yəni, burada tələb və təklif qiymətləndirilməlidir. Türkiyədə bu var deyə, bizdə də olmalıdır prinsipi ilə məsələyə yanaşmaq düzgün deyil. Bu istiqamətdə hər hansı addım atarkən Silahlı Qüvvələrimizin sıralarında şəxsi heyətin sayı və səfərbərlik ehtiyatlarımız nəzərə alınmalıdır. Bu qaydalar qəbul olunarsa, səfərbərlik ehtiyatlarına cəlb olunacaq şəxsi heyətin sayı azalarsa, bunun nizami orduya, sərhəd xidmətinə və daxili qoşunlarımıza təsiri diqqətə alınmalıdır. Bunların hesabat, statistika və incələnməsi olmalıdır. Bundan başqa, əgər biz Ermənistanla sülh sazişi imzalasaq, bundan irəli gələrək ölkəmizin təhdid və təhlükə riski aradan qalxarsa, ödənişli hərbi xidməti gələcəkdə tətbiq etmək mümkündür”.

Hərbi ekspert ali təhsil müəssisələrində hərbi kafedraların açılması məsələsinə də toxunub: “Mən düşünürəm ki, bu çox real yanaşmadır və mütləq edilməlidir. Ən azından 2 müharibə görmüş dövlət kimi kifayət qədər təcrübəmiz var. Kifayət qədər ehtiyatda olan zabitlərimiz var ki, o kafedralarda öz hərbi biliklərini və təcrüblərini gələcək nəsilə ötürə bilərlər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu