“Zirə”nin yaxın gələcəyi qaranlıq görünür.
Mövsümün əvvəlində turnir cədvəlinin ən üst pilləsində qərarlaşan “qartallar” 14-cü turdan başlayaraq azarkeşlərini sevindirə bilmir.
Noyabrın 12-də “Qəbələ”ni məğlub edən Rəşad Sadıqovun komandası o vaxtdan bu yana 3 heç-heçə və 4 məğlubiyyətlə yadda qalıb.
7 matçda mümkün 21 xaldan 18-nin itirilməsinə görə “Zirə” 4-cü pilləyə yuvarlanıb ki, növbəti rəqib zirəlilər üçün heç də düşərli olmayan “Qəbələ”dir. Daha sonra “Sumqayıt”, “Neftçi”, “Araz-Naxçıvan”...
Maraqlıdır, mövcud durum futbolçuları qorxutmur ki? Bu gedişlə çempionatın sonunda “qartallar”ın avrokuboklara vəsiqə üzünə həsrət qalması nə dərəcədə real görünür?
Komandanın kapitanı Qismət Alıyev bununla bağlı Sportinfo.az-a danışıb:
“Turnir cədvəlindəki vəziyyət elədir ki, 4-5 komanda xal etibarilə bir-birinə çox yaxındır. Biri udanda, digəri uduzanda yerdəyişmələr olur. Artıq neçə vaxtdır bu hal davam edir.
Qarşıda bizi kubok oyunları da gözləyir. Üstəlik, çempionatda gərgin matçlarımız olacaq. Bu dəqiqə yalnız qarşıdakı oyunları düşünürük. Yekunda necə olacağını zaman göstərəcək. Təbii ki, məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır”.
30 xalla 4-cü pillədə yer alan “Zirə” lider “Qarabağ”dan 17, “Neftçi”dən 2, “Sumqayıt”dan 1 xal geri qalır. Özündən aşağıdakı “Səbail”lə “Araz-Naxçıvan”ı 3 xal qabaqlayır.
HƏBİB / SPORTİNFO.AZ

