Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir.
Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qarabağ” və MOİK üz-üzə gəlir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.
“Bu futbol matçının (“Qarabağ” – MOİK oyunu – Red.) Xankəndidə keçirilməsinin çox böyük mənası var”.
Bunu Prezident İlham Əliyev oyundan əvvəl çıxışında deyib.
O qeyd edib ki, Xankəndi qədim Azərbaycan diyarıdır:
“Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır”.
Dövlət başçısı əlavə edib ki, otuz il ərzində Xankəndi şəhərində separatçılar yuva salmışdılar:
“Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək.
Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi və əzəli torpağımızdır, bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.

