Günlərdi, yox, illərdi həsrətini çəkdiyimiz an yetişdi.
Hazırlaşıb, yola düşürəm, vədələşdiyimiz ünvana - Koroğlu metrostansiyasının "Pramida" adlanan ərazisinin avtodayanacağına.
Gecə 03:00 olmasına baxmayaraq, bizi burada böyük izdiham qarşılayır.
Təxminən 50 iritutumlu avtobus hərəsində 45-50 nəfər arası adam olmaqla tarixi səfərə - Xankəndi şəhərinə yola düşməyə hazırlaşır.
Gedənlər arasında kimlər yoxdur ki...
Çox sayda sabiq milli üzvüləri, digər klub rəsmiləri, media əhli, azarkeşlər və.s.
04:30-da böyük maşın karvanı qədim Azərbaycan şəhərinə yan alır.
07:00-da 40-50 dəqiqəlik Kürdəmir fasiləsindən sonra yola davam edirik.
Tədricən Bərdəni arxada qoyub, işğaldan azad olunan Ağdama doğru irəliləyirik.
Ardınca Əsgəran və qan yaddaşımız olan Xocalıdan keçirik.
Bu sırada illərdi arxiv videolarında gördüyümüz Əsgəran qalası, Xocalı aeroportu bir addımlığımızda qalır.
Bədnam qonşularımızın viran qoyduğu kəndlərimizin, yurd-yuvalarımızın indiki halı isə həmkarlarımızı pərişan edir.
Və ürəkdağlayan görüntüləri telefonların yaddaşına həkk edirlər.
Təbii ki, bunun fonunda doğma torpaqlara qayıdışdan dolayı hər kəsin üzündə olan qürur, sevinc aşkarənə formada üzə çıxır.
Bu, 30 ildən sonra torpaqlarımızın azadlığı üçün canından keçən 3000-dən artıq şəhidin bizə verdiyi qələbəlik, fəxarət hissidir.
Bu günləri bizlərə yaşadan qəhrəmanları xatırlaya-xatırlaya, yenicə azadlığına qovuşan torpaqlarımızı nisgil baxışlarla nəzərdən keçirib 10:25-də Xankəndi şəhərinə çatırıq.
Bu gün burada keçiriləcək Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK matçını izləmək üçün.
Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq.
Qısası, böyük tarixin bir parçası olmaq üçün bu gün Xanın kəndindəyik.
Bunadək son dəfə işğal altında olmuş ərazidə - Ağdamda oyun 1993-cü ilin may ayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub.
Allah bir də bizə belə fasilə, dərd, ayrılıq yaşatmasın.
Növbəti Xankəndi səfərimizi "Qarabağ"ın avrokuboklardakı beynəlxalq rəsmi matçına etmək ümidi ilə
XANOĞLAN - Bakı / Xankəndi

