Rövnəq Abdullayev bu stadionu əsaslı təmir etdirəcək, yoxsa..? - Rayondan VİDEO+FOTOREPORTAJ

21 Dekabr 2023 19:00 Gündəm 26 050
Rövnəq Abdullayev bu stadionu əsaslı təmir etdirəcək,  yoxsa..? -  Rayondan VİDEO+FOTOREPORTAJ

AFFA prezidenti Rövnəq Abdullayevin noyabrda Ağsuya səfərindən sonra təmirə bağlanan şəhər stadionunun nə vaxt istifadəyə veriləcəyi məlum olub.

2011-ci ildə tikilmiş arena qapılarını gələn ilin aprelində açacaq. Hər halda buranın giriş qapısının üzərində yapışdırılmış elanda tarix kimi həmin ayın 24-ü göstərilib.

Sportinfo.az-ın əraziyə baş çəkən əməkdaşına stadionun işçiləri tərəfindən bildirilib ki, yenidənqurma prosesi nəzərdə tutulduğu vaxtdan gec başa çata bilər.

Havaların son vaxtlar qeyri-sabit keçməsi, yağışların artması görülən işlərin miqyasına mənfi təsir göstərib.

Təmir AFFA tərəfindən aparılır. Daha doğrusu, federasiya öz balansında olan qurğunu «abıra mindirmək» üçün podratçı şirkətlə anlaşıb. Yerli şirkətin ayırdığı briqadaya isə 8-10 nəfər daxildir. O

nlar artıq müəyyən mərhələni geridə qoyublar: sınıq-salxaq oturacaqlar, həmçinin tribunaların dam örtüyü sökülüb. Eyni zamanda, paslanmış dəmir dirəklər, mühəccirlər təmizlənib və rənglənib.

Bundan sonrakı mərhələdə növbə futbolçuların paltaodəyişmə, hakimlər otaqları, o cümlədən, VİP otağa çatacaq.

Bilindiyi kimi, Ağsu stadionunun «Azərenerji»yə borcu var. AFFA kommunal borcları vaxtlı-vaxtında ödəmir, bu üzdən «Azərenerji» işıqları Mingəçevirdən söndürür.

Okttyabrda Ağsuya yağan güclü yağış nəticəsində stadiona ciddi ziyan dəyib. Bura gələn əsas işıq xətti sıradan çıxıb.

Ümumiyyətlə, stadiona iki yerdən işıq gəlir. Əsas işıq xətti birbaşa Mingəçevirdəki yarımstansiyaya bağlıdır.

Digər xətt isə Ağsu şəhərinin özünə, ətraf kənd və qəsəbələrə aiddir. Həmin transformatoru işə salan kimi şəhərdə və həmin yerlərdə işıq tez-tez sönməyə başlayır. Çünki Ağsunun daxili işıq sisteminə güc düşür.

Əməkdaşımıza bildirilib ki, artıq bu problemin də çözülməsi planlaşdırılır. Əraziyə gələn yeraltı işıq xətləri 3 istiqamətdə yenilənəcək.

Öz növbəsində AFFA da işığa görə yaraqmış borcu qısa müddətdə ödəməyi vəd edib.

Bəs qazon? Bəlkə də AFFA-nın balansında olan stadionlar arasında ən bərbad süni meydança Ağsudadır. Buna şübhə eləməyə dəyməz.

Qazon ötən 12 il ərzində bir dəfə də olsun, dəyişdirilməyib. Beton qatının üstünə sərilən «xalça» öz simasını çoxdan itirib, tamamilə codlaşıb və korlanıb.

Rezin diyircəklər daha qazonun «keçəl üz»ünü örtmür və bu, meydançanı böyük təhlükə mənbəyinə çevirir.

AFFA süni qazonu yenisiylə əvəzləməyə hazırlaşıb-hazırlaşmadığı barədə stadionun işçilərini məlumatlandırmayıb. Bu haqda onlara heç nə deyilməyib, qərar sirr kimi saxlanılır.

Ancaq əməkdaşlar ümid edir ki, federasiya arenanın təmirinə kompleks yanaşacaq, kosmetik yenidənqurma ilə kifayətlənməyəcək, baş aldatmayacaqlar. Elə biz də buna ümid etmək istəyirik…

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti