PFL rəhbərliyi Ağdam rayonunda mikroavtobusla qəzaya düşüb.
Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol ayrıcına çırpılıb.
Nəticədə sürücü R.Qafarlı və avtomibildəki sərnişinlər - Bakı şəhər sakinləri Elxan Səmədov, Aslan Şahgəldiyev, Elgiz Abbasov, Zaur Hacıməhərrəmov, Sənan Abdullayev, Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.
Qəzaya uğrayanlar bu gün günorta saatlarında Bakıya gətirilərək paytaxtdakı özəl klinikaların birində yerləşdiriliblər.
Ölkəyə səs salan məlum avtoqəza futbol ictimaiyyətinin diqqətindən kənar qalmayıb.
Hadisədən xəbər tutan zərərçəkənlərin yaxınları, həmçinin, televiziya kanallarının əməkdaşları və mətbuat nümayəndələri xəstəxanaya axın edib.
Klinikaya gələnlərin arasında AFFA-nın baş katibi Sərxan Hacıyev, köməkçisi Orxan Hüseynzadə, gənclər və idman nazirinin müavini Elnur Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, "Sabah"ın prezidenti Maqsud Adıgözəlov, "Səbail"in baş direktoru Firuz Abdulla, "Neftçi"nin sabiq rəhbəri Kamran Quliyev, "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov və digər şəxslər xəstəxanaya baş çəkənlər arasında olub.
Klinikanın məlumat şöbəsindən verilən məlumata görə, Elxan Səmədovla Aslan Şahgəldiyev təcili əməliyyat olunub.
Digər zərərçəkənlərin müəyyən xəsarətləri olsa da, ən ağır zədə Səmədovla Şahgəldiyevdədir.
PFL rəsmiləri dekabrın 21-də nəzərdə tutulan “Qarabağ” – MOİK matçı üçün Xankəndiyə gedirmişlər.
HƏBİB / SPORTİNFO.AZ

