Bu şəhərlər də Ermənistandan geri alınacaq - Azərbaycan xəritəsini bəyan etdi

27 Sentyabr 02:00 Gündəm 909
Bu şəhərlər də Ermənistandan geri alınacaq - Azərbaycan xəritəsini bəyan etdi

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfəri və orada Azərbaycanın ünvanına əsası olmayan təhdid və böhtanlarla zəngin bəyanatlar səsləndirməsi, rəsmi Bakını “işğalçı” adlandırması tək onun başının altından çıxan məsələ deyildi.

Çünki Pelosi və Baydenin eyni partiyanın nümayəndələri olduqlarını, bir komandanı təmsil etdiklərini nəzərə alsaq, bu ehtimal sıfıra bərabərdir.

Bunu Azərbaycan tərəfi də çox yaxşı başa düşür. Ötən gün Prezident İlham Əliyevin Laçın səfəri zamanı səsləndirdiyi bəzi fikirlər isə rəsmi Bakının bir yox, bir neçə ünvana ciddi mesajı kimi şərh edilə bilər. Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindən sonra etdiyi çıxışda regionda və region üzərindən aparılan bəzi məqamlarla bağlı Azərbaycanı hədəf seçən qüvvələrə, siyasi dairələrə lazımı xəbərdarlıqlarını edib.

Sentyyabrın 12 və 13-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın mövqeləri istiqamətində növbəti böyük təxribatına Ordumuzun qətiyyətli cavabını tək Ermənistan yox, ölü Minsk Qrupunun həmsədr dövlətləri ABŞ və Fransa da həzm edə bilmədi. Azərbaycanın bu adekvat cavabını dərhal bütün dünyaya min bir yalan və böhtanlarla “Ermənistana təcavüz” kimi qələmə verməyə çalışan sözügedən dövlətdəki bir çox siyasi dairələr əslində bununla Qərbin Azərbaycana münasibətdə ikili standartlardan çıxış etydiyini, qərəzli mövqeyini yenidən ortaya qoymuş oldu.

Bu davranış Bakı üçün yaddır? Təbii ki, xeyr. Biz bunu Ermənistanın 30 illik işğalı zamanı da gördük, 44 günlük müharibədən sonra ortaya çıxan mənzərə də bir daha kimin kim olduğunu çılpaqlığı ilə göstərdi. Baxmayaraq ki, Laçın şəhərinin də digər işğaldan azad edilən yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmasına, Ermənistanın Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparmasına, tarixi-mədəni irsi talamasına, oğurlamasına, əraziləri minalanmasına beynəlxalq aləmin susması və bu görünməmiş ədalətsizliyə kollektiv Qərbdə bir etinasızlıq Azərbaycanın həmin dövlətlərə olan etimadını böyük həcmdə sarsıtdı.

İndi yenidən Ermənistanın yeni mina terroruna, sərhədlərini aşmaq, revanş istəyinə qarşı Azərbaycan Ordusunun ortaya qoyduğu böyük qətiyyət və adekvat cavab Bayden Adminstrasiyası və Fransa başda olmaqla erməni lobbisinin fəal olduğu dairələrdə yenidən bir zəlzələ effekti yaratdı.

Amma Prezident İlham Əliyev Ermənistan və onun havadarlarının sülh yolunda adekvat addım atıb, regiona sabitliyi daha tez gətirmək əvəzinə bu cür manipulyasiyalarla destruktiv mövqe sərgiləməyinə cavabsız qalmadı, qarşı tərəfə Ordusunun ardınca növbəti tutarlı cavabı məhz özü Laçında üçrəngli müqəddəs Azərbaycan bayrağı fonunda etdiyi açıqlamalarla verdi.

Dövlət başçısı “Sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Ona görə delimitasiya aparılmadan bizi heç kim Ermənistan ərazilərinə girməkdə ittiham edə bilməz” bəyanatı ilə Ermənistandan daha çox onun müdafiəsinə qalxan, “sərhədlərinin” toxunulmazlığına görə narahatlığını ifadə edən qüvvələrə mesaj verdi ki, “10 noyabr üçtərəfli bəyanatından 2 ilə yaxın bir müddət keçməsinə rəğmən Ermənistan nə üzərinə götürdüyü öhdəlikləri icra edir, nə də ki, Brüsselin də dəstəklədiyi Azərbaycanın 5 maddəlik sülh paketi ilə bağlı hər hansı bir icraat ortaya qoyur.

Sərhədlərin delimitasiya və demarkasiyası olmadan, Ermənistanla Azərbaycanın sərhəd hüdudunun harada yekunlaşdığı məlum olmadan heç kim başqa bir dövlətin ərazisinə soxulmaq, onu işğal etmək, təcavüz etmək kimi ittihamlarla bizim üzərimizə gələ bilməz”.

Buna dövlət başçısı açıqlamasında xüsusi yer verib: “İlham Əliyev: Biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük”.

Azərbaycan dövlət başçısı belə bir açıqlama verirsə, demək ki, o, bütün nüansları nəzərə alıb. Nəzərə alsaq ki, sərhəddəki son lokal toqquşmalardan sonra Rusiya mediasında Azərbaycan Ordusunun Zəngəzurda nəzarətə götürdüyü ərazilər “mübahisəli ərazi” kimi təqdim edilib, bu o deməkdir ki, istər Ermənistan, istərsə də bir başqa üçüncü bir dövlət Azərbaycanı Ermənistana məxsus əraziləri işğal etməsi ilə ittiham edə bilməz.

Onu da nəzərə alsaq ki, sərhədlərin delimitasiya və demarkasiyası üçün əsas xəritələr bizim əlimizdədir, belə nəticə çıxır ki, Azərbaycan ən doğru olanı edir. Çünki Ermənistanla sərhədin delimitasiya prosesi həm XX əsr xəritələri, həm də eyni zamanda ondan əvvəlki dövrün xəritələri üzrə aparıla bilər. Belə olacağı təqdirdə isə əslində kimin kimin torpağını işğalı etdiyi daha aydın olacaq. O xəritələr də açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz. Azərbaycanı ittiham edən ilk növbədə nəzərə almalıdır ki, Bakı SSRİ qurulmamışdan öncəki dövrün xəritələrini də masada prioritet sənəd olaraq təqdim edir.

İlham Əliyev Laçındakı çıxışı zamanı Nensi Pelosinin simasında Azərbaycanı təhdid etməyə çalışan Amerikanı, müxtəlif rütbəli hərbçilərin vasitəsilə (İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri hərbi paradda çıxışı zamanı Azərbaycanı təhdid edib: O, hərbi paradda çıxışı zamanı Ermənistan sərhədinin dəyişəcəyi təqdirdə sakit oturmayacaqlarını deməklə Azərbaycanı hədələyib – red.) Bakıya barmaq silkələyən İranı, Emanuel Makronlu Fransanı, Hindistanı xüsusilə unutmayıb:”Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan duyaq və lazımi tədbirlər görək”.
Ətraflı

İlham Əliyev onu da sözlərinə əlavə edib ki, Azərbaycanla heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar.

Amma Prezidentin Laçın səfəri və səsləndirdiyi bəyanatların ardınca Zəngilan istiqamətində üç erməni silahlısının postlarımızdan birinə hücum etməsi ilk baxışdan adi sərhəd pozuntusu kimi görünsə də, detallar yeni iddiaların ortaya çıxmasına imkan yaradır. Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra ermənilər mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum dəf edilib.

Lakin erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, həmin şəxslərin sərxoş vəziyyətdə olduğunu və belə bir hadisənin komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd etsələr də, bunun ardınca analoji hadisənin yenidən təkrarlanması Ermənistanın sülh danışıqlarından yayınmaq üçün növbəti cəhdi kimi qiymətləndirilməlidir. Çünki nəzər saldıqda sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törədərkən eynilə 10 gün əvvəlki ssenaridən istifadə ediblər.

Düşmən tərəfin Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutması azmış kimi Ermənistana məxsus diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib.

Eyni hamam, eyni tas…

Ermənistan tərəfi törətdiyi növbəti təxribata dərhal don geyindirərək sentyabrın 21-dəki bu növbəti məkrli addımını Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması kimi dezinformasiya yaymağa cəhd edərək gecə saatlarında öz törətdikləri təxribata zəmin yaratmağa çalışdılar. Dəyişən heç nə yoxdur. Belə görünür ki, Rusiyanın Qarabağın dağlıq hissəsində sülhməramlı yerləşdirməsindən şirinikləşən Amerika və Farnsa beynəmiləl ordu birlikləri ilə Moskvadan çevik davranaraq Ermənistanla Azərbaycan sərhəddinə yerləşmək barədə düşünürlər. Son günlər istər XİN başçısı səviyyəsində, istərsə də dövlət başçıları səviyyəsində Ermənistanın Qərblə, Amerika ilə təmaslarının artdığını nəzərə alsaq, bu təxribatın məhz onların başının altından çıxdığını istisna etmək olmaz. Ermənistan sadəcə növbəti dəfə sifariş yerinə yetirən tərəf kimi özfəaliyyətini nümayiş etdirir.

İstənilən halda şübhəsiz ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən istənilən gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.

Amma bir gündə ard-arda iki belə təxribatın baş verməsi deməyə əsas verir ki, yəqin Ermənistan növbəti ağır zərbədən sonra yenidən onu cəsarətləndirəcək vədlər alıb. Çünki artıq ilkin məlumatlara görə, Ermənistanın ABŞ və Fransadan HİMARS raket qurğuları istəməsi ilə bağlı söhbətlər dolaşır.

Belə görünür ki, Nikol Paşinyan Zelenskinin taktikasını təkrarlamaqla Ermənistanın da Ukrayna kimi pulsuz şəkildə silahlandırılmasına nail olmaq niyyətindədir. Amma İrəvan Ukraynadan fərqli olaraq NATO və ABŞ-ın əsas rəqibi Rusiya ilə müharibə aparmadığından Qərbin həmin silahları Ermənistana veriəsi bölgədə yeni müharibə ocağı yaratmaq təşəbbüsü kimi qiymətləndiriləcəyini nəzərə alsaq, istər kollektiv Qərb, istərsə də Fransa Türkiyəni açıq şəkildə qarşılarına almamaq üçün bu variantı sınayacaqları inandırıcı görünmür.

Azərbaycan Prezidentinin “Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik” açıqlaması növbəti dəfə deməyə əsas yaradır ki, Azərbaycan ordusu öz torpağında bütün vacib strateji yüksəkliklərdə mövqelər tutub. Dövlət başçımız bu açıqlaması ilə eyni zamanda düşmənin təsribatlarına cavab olaraq gerçəkləşən hərbi əməliyyatlardan sonra Ordumuzun geri çəkildiyinə dair iddialara ən tutarlı cavabdır.

Ölkə başçısı növbəti dəfə Ermənistana xatırlatdı ki, onun yol xəritəsini ancaq Azərbaycanın təqdim etdiyi 5 maddəlik sülh paketi təmin edə bilər. 10 noyabr razılaşması icra edilməli – erməni qoşunlar Qarabağdan tamamilə çıxarılmalı, Zəngəzur dəhlizində işlər başlanmalı, sərhədin delimitasiyası XX əsrin xəritələrinə uyğun aparılmalıdır!

Təhməz Əsədov
Milli.Az

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 17:20 Fransanı durdurun...
5 Dekabr 03:00 "Qarabağ"da sorğu-sual