Ermənistanın “ipləri” Bakının əlində - Prezidentin son mesajlarındakı “qırmızı xətt”lər

14 Yanvar 13:30 Gündəm 206
Ermənistanın “ipləri” Bakının əlində - Prezidentin son mesajlarındakı “qırmızı xətt”lər

“Bizim sözümüz imzamız qədər mötəbərdir”. Bu sözləri Prezident İlham Əliyev müsahibələrinin birində demişdi. Əfsus ki, mənfur qonşumuz Ermənistan haqda bu əminliyi söyləmək mümkün deyil. Ermənilərin imza atdıqları rəsmi sənədlərə belə etibar yoxdur, o ki ola verdikləri hansısa quru vədə. Yaxın və orta tarixdən buna dair N qədər faktlar sadalamaq olar.

Məsələn, 1921-ci ilin oktyabrında Ermənistan SSR adına imzaladıqları, bitmə müddəti olmayan Qars müqaviləsini günü bu gün də İrəvanın təftişə cəhd etməsi, tanımaq istəməməsi. Yaxud ötən əsrin 20-ci illərində Azərbaycan Xalq Cümhuriyyətinin İrəvandan imtina qarşılığında Ermənistanın Dağlıq Qarabağa iddia irəli sürməyəcəkləri haqda yazılı (!!) vədi. Nəhayət, imza atdıqları 10 noyabr 2020-ci il kapitulyasiya və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sənədlərin bir çox bəndlərini yerinə yetirməkdən yayınmaları, o sırada Qarabağdan qanunsuz silahlı dəstələri hələ də çıxarmamaları.

Kapitulyant Ermənistan hətta indiki ağır vəziyyətində əgər köhnə və absurd tələblərdən əl çəkmirsə, gör bir azca özlərinə gələndən sonra hansı havanı çalacaqlar. Odur ki, barıtımızı daima quru, tüfəngimizi həmişə təmiz saxlamalıyıq...

*****

Ermənilərin millət kimi etibarsızlığı, yaxşılığa pisliklə cavab verməsi, özləri haqda əsrlərdir yekə iddialarla yaşaması, “çörəkləri dizinin üstündə” nankor bir toplum olması barədə İlham Əliyev yerli telekanallara srağagünkü müsahibəsində bir daha toxundu. Arxayınlaşmaq üçün heç bir əsasımızın olmadığı bildirdi. Ermənistanın hazırkı iqtidarında da, müxalifəti və cəmiyyətində də revanşist ovqatın güclü olduğuna məxsusi diqqət çəkdi.

“Biz unutmamalıyıq ki, indiki Ermənistan hakimiyyəti əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndirdi. Axı ”Qarabağ Ermənistandır və nöqtə" deyən indiki hakimiyyətin təmsilçisidir, “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə bizi hədələyən indiki hakimiyyətin təmsilçisidir. Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçisidir. Yəni indi biz indiki hakimiyyətin davranışına baxmamalıyıq, özümüzü aldatmamalıyıq. Məhz onlar Azərbaycan ərazilərini daim işğal altında saxlamaq fikrində idilər, məhz indiki hakimiyyət dırnaqarası qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Şuşaya köçürmək istəyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə bir etdik". Bu, prezidentin müsahibədə dediyi sözlərdir.

Paşinyan istefa verə biləcəyini açıqladı | Report.az

“Yenə deyirəm, biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq”, - bildirən dövlət başçısı onu da diqqətə çatdırıb ki, sərhəddəki təxribatlar məhz bundan qaynaqlanır, onlar bizi yenə sınağa çəkmək istəyirlər...

*****

Ancaq böyük sülh müqaviləsi imzalamaqdan israrla yayınan Ermənistan təbii ki, ən böyük pisliyi özünə, öz bədbəxt xalqına edir və edəcək. Çünki Prezidentin vurğuladığı kimi, əvvəla, rəsmi Bakının sülh təklifləri əbədiyyən masa üzərində olmayacaq, İrəvan tələsməlidir. İkincisi isə Ermənistan beynəlxalq sərhədlər çərçivəsində ərazi bütövlüyümüzü tanımaqdan israrla yayınacaqsa, təbii ki, Azərbaycan və Türkiyə də Ermənistanın ərazi bütövlüyünü tanımayacaq.

Sitat: “Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün sadəcə kağız parçası ola bilər. İndi imzalansa da, imzalanmasa da, biz dediyim kimi, öz hərbi gücümüzü, qüdrətimizi daim artıracağıq və artırmalıyıq. Ermənistan tərəfi isə tərəddüd edir”.

Sülh müqaviləsi imzalansa da, imzalanmasa da, biz öz hərbi gücümüzü daim  artıracağıq - İlham Əliyev | Hafta.az

Prezidentin sözlərinə görə, bir tərəfdən, ermənilər başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud olduğu halda onların müəyyən narahatlığı ola bilər, digər tərəfdən isə anlayırlar ki, sülh sazişində mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması haqda müddəa olmalıdır: “Ona görə, necə deyərlər, iki daş arasında qalıblar. Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər. Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”.

*****

Göründüyü kimi, bu sitatlarda Ermənistan adlı qondarma, baş tutmamış dövlətə gerçək tərif verilməklə yanaşı, həm də onun hazırkı acınacaqlı durumunun dəqiq diaqnozu, ağır “xəstəlik”dən qurtuluş “resepti”, habelə Bakının “qırmızı xətləri”, mesaj və ismarışları, hər şey var. “Müalicədən” imtina edəcəyi təqdirdə Ermənistanı gözləyən daha ağır aqibət barədə xəbərdarlıqlar da öz yerində.

Daha necə deyilməli və izah edillməlidir ki, Ermənistanın yeganə varlıq qarantı və xilası artıq Rusiyaya yox, məhz Azərbaycana bağlıdır? Seçim indi həqiqətən də “iki daş arasında qalmış” İrəvanın, daha dəqiqi, erməni xalqınındır. Seçim üçün zaman isə sonsuz deyil (musavat.com)...

Digər Xəbərlər
Xəbər Lenti