Mahir Emreli Polşada Ramin Musayevə “ilişdi”

9 İyun 2021 13:00 Gündəm 1 973
Mahir Emreli Polşada Ramin Musayevə “ilişdi”

“Legiya” ilə müqavilə bağlayan Mahir Emreli getdiyi ölkədə ilk açıqlamasını verib artıq.

Amma Mahirin dedikləri, heç şübhəsiz ki, Azərbaycanda kimlərinsə xoşuna gəlməyəcək.

İlk növbədə də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin.

Mahir elə ilk açıqlamasında Ramin müəllimə əməllicə “ilişib”. Deyib ki, Polşa çempionatı Azərbaycan çempionatından yaxşıdır. Söz bax ey, sən Allah. Adam da belə nankor olar.

Özü də Ramin müəllimə qarşı. O Ramin müəllim ki, illərdir dad döyür, hamını inandırmağa çalışır ki, Azərbaycan çempionatı Rusiya və Türkiyə çempionatından güclüdür.

İndi Emreli Polşaya ayaq basan kimi Musayevi “satır”. Olmaz belə, əlbət nə vaxtsa qayıdacaq ki, Azərbaycana. Bax, onda cavab verməli olacaq.

Məsələn, Ramin müəllimin məntiqinin yaratdığı bu suala: “Ay bala, əgər Polşa çempionatı Azərbaycan çempionatından yaxşıdırsa, onda “Qarabağ” o ölkənin klublarını avrokuboklarda niyə qapazaltı edirdi?”

Oğul istəyirəm ki, bu suala məntiqli cavab versin. Hə, Mahir, nə qədər ki, Polşadasan, bu sualın cavabını axtar. Qayıdanda soruşacaqlar.

Kimə “ilişdiyini” bilməyənlər həmişə qəliz vəziyyətə düşürlər. Bizim sənə tövsiyəmiz isə odur ki, Polşada dilini dinc saxla, həqiqətləri demə.

Demə ki, Bakıya qayıdanda çətin durumda qalmayasan.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti