“Metronun fəaliyyətinə və toylara icazə vermək mümkündür, amma...”

6 Mart 09:10 Gündəm 713
“Metronun fəaliyyətinə və toylara icazə vermək mümkündür, amma...”

Bakı Metropoliteninin bu günə qədər bağlı qalması, hələ də toyların keçirilməsinə icazə verilməməsi son günlərin ən çox müzakirə edilən məsələlərindən biridir. Bəzi ekspertlər metronun müəyyən məhdudiyyətlərlə açılmasının vacib olduğunu vurğulayır.

Çünki hazırda paytaxt Bakıda yerüstü ictimai nəqliyyatda böyük sıxlıq yaşanır.

Xüsusən də məktəblərdə və bəzi universitetlərdə ənənəvi dərslərin bərpa olunması bu sıxlığı artırıb. Ekspertlər vəziyyətdən çıxış yolu kimi metronun açılmasını görür.

Lakin Operativ Qərargah hələ bu haqda qərar verməyə tələsmir və əsaslandırılır ki, metro qapalı məkan olduğu üçün burada virusun sürətlə yayılma təhlükəsi var.

Toylarla bağlı qadağa gəldikdə isə son günlər Bakıda 100-150 nəfərlik toyların keçirilməsinə razılıq veriləcəyi ilə bağlı xəbərlər yayılır.

Deputatlar, ekspertlər bu barədə müəyyən təkliflərlə çıxış edirlər. Bildirilir ki, Türkiyə təcrübəsinə əsaslanaraq, müəyyən karantin qaydalarını nəzərə almaqla, toyların da keçirilməsinə artıq qərar vermək olar.

AĞ Partiya sədri Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Hazırda hər iki məsələ cəmiyyətdə ən aktual məsələlərdən biridir. Bakının sıx nəqliyyatında metronun oynadığı rol heç kimə sirr deyil. Məlum olduğu kimi, metro Bakının nəqliyyat yükünün ən azı 50 faizini öz üzərinə götürür. Bu gün metropolitenin işləməməsi yerüstü nəqliyyatın ikiqat yüklənməsinə gətirib çıxarır. Burada həm yerüstü infrastruktur, həm avtobusların sayı və iş qrafiki insanların hərəkətinin tənzimlənməsinə şərait yarada bilmir. Burada ən çox əziyyət çəkən isə sadə vətəndaşlar, işçilərdir. Bir tərəfdən yerüstü nəqliyyatın yüklənməsi həm də çox tez-tez qarşılaşdığımız tıxac problemini də aktuallaşdırır. Yəni bir metronun işləməməsi Bakıdakı nəqliyyatı iflic vəziyyətə salır.

Burada bəhanə gətirilə bilər ki, metro qapalı şəraitdə olduğu üçün virusun yayılması üçün əlverişli yerdir, ona görə də açılması aktual deyil. Lakin hesab edirəm ki, metrodakı havalandırma sistemini düzgün qursalar, sərnişinlər maska taxma tələbinə ciddi riayət etsələr necə yoluxma ola bilər?

Hər kəsə məlumdur ki, bir “BakuBus” avtobusunun metronun bir vaqonunun yarısı qədər sərnişin tutumu var. Bu səbəbdən avtobuslarda olan sıxlıq heç metroda olmur. İndi necə ola bilər ki, sıxlıq yaşanan avtobuslarda virus yayılmır, amma metroda yayılır? Əgər problem varsa, düzəldilməlidir. Lakin görünən budur ki, rəsmi orqanlar, o cümlədən Operativ Qərargah, metro rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmır. Sadəcə, rahat çıxış yolu tapırlar - metronu bağlamaq. Bu vəziyyətdən isə bir daha qeyd etdiyim kimi, sadə insanlar əziyyət çəkir".

Tural Abbaslı qeyd edib ki, bu günə qədər bu məsələ ilə bağlı alternativ təkliflərin, müzakirələrin, mütəxəssislərlə məsləhətləşmələrin olmaması təəssüf doğurur:

“Beləliklə, epidemioloji məsələlər nəzərə alınmaqla tez bir zamanda metronun açılması yönündə məsləhətləşmələr aparılmalı, alternativ təkliflər verilməli və metronun fəaliyyəti bərpa olunmalıdır”.

Partiyaların yalnız adları qalıb... - Tural Abbaslı

Tural Abbaslı

Tural Abbaslı toylara qoyulan qadağanın davam etməsindən də danışıb: “Metro ilə bağlı məsələ şadlıq evlərinə də aiddir. Şadlıq evləri həm də iqtisadiyyatın aparıcı istiqamətlərindən biridir. Beləliklə, toyların günəmuzd işçilərdən tutmuş, taksi xidmətinə, gözəllik salonlarına, geyim satan dükanlara təsiri var. Yəni sadəcə toy deyib, məsələnin üstündən keçmək olmaz, görün nə qədər insan bu dövriyyədə iştirak edir, ailəsinə çörək pulu aparır.

İndi bütün restoranlara gedib araşdırmalar apara bilərsiniz ki, orada hər zaman zal dolu olur, bir masa arxasında ən azı 6 nəfər əyləşir, burada heç kəs bir söz demir. Həmin dolu restorana bəy-gəlin geyimində bir cütlük gəlsə orada istirahət edənləri cərimələyəcəklər ki, toy edirsiniz. Yəni əgər virusun sürətlə artması insanların sıx bir yerə toplaşmasından irəli gəlirsə və restoranların hamısı işləyirsə, orada yalnız toy keçirilməsinə icazə verilmirsə, bu, sadəcə, məntiqsizlikdir.

Həm də nəzərə almaq lazımdır ki, şadlıq evlərinin havalandırma sistemi restoranlara nisbətən daha mükəmməl təşkil olunub, binası daha hündür və genişdir, bu zaman müəyyən məhdudiyyətlərlə şadlıq evlərinin də fəaliyyətinə icazə verməyin mümkün olduğunu deyə bilərik. Lakin Operativ Qərargah deyir ki, toyda ünsiyyət daha yaxından olur. Belədirsə, kütləvi səhnələrin alınmaması üçün xəbərdarlıq et, kütləvi rəqs qadağan olunsun və s".

Natiq Cəfərli. Foto: şəxsi arxiv / facebook · Mikroskop

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib:

“Azərbaycanda pandemiya elan olunduqdan sonra - yəni karantinin ilkin mərhələsində metronun bağlanması anlaşılan idi. Çünki virus yenicə başlamışdı, tam araşdırılmamışdı və virus qapalı məkanlarda sürətlə artırdı. Lakin indi artıq bir çox ölkələrdə karantin tədbirlərinin yumşaldılması prosesləri gedir. Bu təcrübədən istifadə etmək olar. Bakıda metronun bu günə qədər bağlı qalması yerüstü nəqliyyatı, avtobusla sərnişin daşımanı kifayət qədər yüklədi və bu yükləmə nəticəsində insanların virusa yoluxma potensialı daha da artdı. Bu səbəbdən yaxın günlərdə metronun texniki qaydalara əməl edərək, havalandırma sistemini yaxşılaşdırmaqla açılması ehtimalı yüksəkdir və bu daha doğru qərar olar.

O ki qaldı toy məsələsinə, hesab edirəm ki, burada Türkiyə ilə Azərbaycanı müqayisə etmək doğru deyil. Çünki Türkiyənin toy keçirmə formatı Azərbaycandan fərqlidir. Azərbaycanda ənənəvi pandemiyadan öncəki toylara nəzər salsaq görərik ki, 50-150 nəfərlik toyların keçirilməsi şadlıq evlərinin bir çoxuna sərf etmir. Əgər belə olarsa, onda menyunun qiyməti artırılacaq. Şadlıq evlərinin iş üslubu əsasən 300-1000 nəfərə qədər qonaq üçün hesablanıb. 50-100 nəfərlə toy məclisi keçirmək bir çox şadlıq evlərinin fəaliyyəti üçün problem yaradacaq. Lakin bəzi restoranlar var ki, onlar həm adi, həm də toy məclisləri təşkil edə bilir. Həmin restoranlar üçün 50-100 nəfərlik toy keçirmək sərf edəcək və bu zaman toyunu 1 ildir ki, təxirə salmış insanlar toy prosesini həyata keçirə biləcəklər".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü