
"Ardıcıl 3-cü yarışda qızıl medal qazandım.
Bu seriyanı davam etdirmək üçün var gücümlə çalışıram.
Ümid edirəm ki, bundan sonra da nəticələr yaxşı olacaq".
Sportinfo.az xəbər verir ki, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov deyib.
72 kq-da qızıl medal qazanan idmançı buna sayca 4-cü Avropa çempionatında nail olduğunu bildirib:
"Bundan əvvəl 3 dəfə finala yüksəlsəm də, gümüş medalla kifayətlənmişdim. Bu dəfə isə çempionluq nəsib oldu".
O, ən çətin görüşünün yarımfinalda gürcüstanlı Giorgi Çxikvadzeyə qarşı olduğunu söyləyib:
"Bu rəqiblə ilk dəfə qarşılaşırdım. Titullu idmançıdır, gənclər arasında dəfələrlə Avropa və dünya mükafatçısı olub".
Qurban Qurbanov yarışın finalında ukraynalı İrfan Mirzoyevə 8:0 hesabı ilə qalib gəlib.