Qarabağ" - "Şerif" 3:0 (İlk oyun 0:1)
Ötənilki ÇL qrupu olmaqla, ümumilikdə 5-ci dəfə Avropa turnirində qrup mərhələsi təmin edildi. Bu, qəribə gözlənilməzliyin gerçəkləşməsi fantastikasıdı.
* * *
Oyundan əvvəl "Qarabağ"a tərəf soyuq hava kütlələri hərəkət etməkdəydi. Hələ sosial şəbəkələrdə komandanın boykotu, stadiona getməmək çağırışlarına rast gəlinirdi və nə qədər qəribə olsa da, bu, kifayət qədər kütləvi hal almışdı. Anlaşılır, bu mövsüm ÇL-də iki mərhələ adlansa da, "Kukesi" ilə Bakıdakı matçdan başqa heç birində oyunun xarizması yox idi. Üstəlik, III mərhələdə BATE-yə qarşı "dişsiz" oyuna görə məğlubiyyət, ən çox da komandanı gücləndirəcək transferlərin edilməməsi iddiası narazı olanların sırasını artırmışdı. Həm də "Şerif" səfərində rəqib qapıya zərbənin olmaması o qədər şövqlə qabardılırdı ki, gurultulu transferin olmamasından tutmuş, ən xırda incikliyə qədər - bir az meylli olanlar da bu tip təbliğatın təsirinə düşüb, boykot çağırışlarına qoşulurdu.
Ona görə də stadionun bütün tribunalarında boş yerlər görünürdü və bu, pley-off mərhələsinə görə xeyli çox idi...
Oyunqabağı "Qarabağ"ın strateq simvolu Rəşad Sadıqovun tənqidləri, çıxdaş edilməsi halı da diqqətdə idi. Bu məsələnin bilinən yönü ilə yanaşı bir də təşkilolunmuş cizgilərini sezirdik.
Aydın görünürdü ki, narazı azlığın şar kimi üfürüb, şişirdilməsi meylləri var və bu idarəolunandır.
* * *
"Qarabağ" bunlara yalnız yaxşı nəticə ilə cavab verə biləcəkdi. Oyunöncəsi bir sitatımızı xatırladaq: "Qurbanov - Sadıqov tandemi öz sözünü deyəcək".
"Süvarilər" nə ki nəticə, möhtəşəm oyunla da sözünü dedi. "Şerif" matçboyu bir neçə dəfə aparıcı fiqurların meydançadakı rolunda rotasiyaya, oyun formasını dəyişməyə cəhd etsə də, "Qarabağ"ın komandalaşmış ideyası çox güclü idi və qələbəyə məğlub olmayacaq dərəcədə köklənmişdi.
İkinci hissədə bir neçə radikal göstəriş verən Sabliçin bunların heç birinin keçmədiyini görüb, süstləşmiş halda yerinə çəkilib əyləşməsi çox obrazlı epizod idi. Sanki o, yekun hesabı artıq oyunun ortalarında "oxumuşdu", hiss edirdi ki, rəqibin bu motivasiyası qarşısında mümkün olmayacaq...
* * *
Birici qol... qol sevinci... Kapitan Sadıqov komandanı sakitləşməyə çağırır.
İkinci qol... daha çılğın qol sevinci... Yenə Sadıqov "drujina"nı tondan düşməməyə çağırır
Üçüncü qol... Ozobiçin əminlik gətirən möhtəşəm qolu... qol sevinci... Sadıqov yenə təmkinlidir və komandanı da buna çağırır.
Hər şeyi oyundan sonra edəcəyi möhtəşəm bir hərəkətlə tamamlayacaq.
Strateq oyunçuları bir-bir meydanın mərkəzinə toplayır. Qələbə sevincini bütün komanda ilə yaşayıb, sanki haqlı tənqid edənlərə jest, sistemli, təşkiledilmiş "tənqidçilərə" isə meydan oxuyurdular.
Niyə məsələyə bu rakursdan yanaşırıq, bu cür simvolizə edirik epizodu?
Çünki Sadıqov Azərbaycan futbolunda liderlik elementlərinə tam sahib olan nadir tipdir. Onun keçdiyi futbolçu karyerası, ictimai imici imkan verir ki, Azərbaycan futbolunun idarəçisinə çevrilsin. Sadıqov futboldakı nadan oliqarx tələblərinə baş əyməyərək karyerasını basketbolda davam etdirmiş və orda belə uğur qazanmış XARAKTERDİR.
Onun da səhvləri olub, diqqətlə oyunları izləyənlər bilir ki, başqa oyunçuların da - həm də daha çox. Ancaq səhvlərin sırf Sadıqovun yaşına bağlanmasının yanlış olduğunu dəfələrlə qeyd etmişik. İdmanı anlayan o səhvlərin yaşla bağlı fiziki göstəricilərdən deyil, epizodik detallardan asılı olduğunu bilər. Ki bu da qloballaşdırılacaq həddə, sistemləşdiriləcək dərəcədə deyil. Bəs niyə belə olur?
Dedik, Sadıqovun artan və zədəsiz nüfuzu futbol industriyasını anormal vasitələrlə tam ələ almağa çalışan Elşad Nəsirov klanının xeyrinə deyil. Sadıqovu ölkə prezidenti də xüsusi diqqətdə saxlayır və bunu bir neçə dəfə aşkar büruzə verib. Elə Qurbanovun milli komandaya təyinatı da birbaşa onun göstərişindən sonra olub. Rövnəq Abdullayev isə hələ də Nəsirova qarşı nəsə etmir. Nəsirovun əsas icraçı fiquru olan Məmmədov son davranışlarında əməlli-başlı göstərdi ki, Qurbanov və komandasını ölkə futbolunun sükanı arxasında arzulamır. Ancaq politik davranışı ilə bunu maksimum ört-basdır eləməyə çalışır. Sadəcə, nədənsə uğurlu siyasətçi adlandırılan Məmmədovun, əslində, çox dar çərçivəyə sıxıldığı görünür. Bunu inandığı, yanında gördüyü ünsürlərin siyahısını, sırasını açıqladıqca aydın göstərir. Onun uğurlu və xarakterli komandası yoxdur. Məmmədov heç vaxt ətrafına tam güvənmir ona görə də bu gedişatla özünün möhkəm, sadiq komandasıyla qalib tərəf Qurbanovgil olacaq. Bununçün zamana ehtiyac var...
* * *
Sadıqovun bəzi oyunlardakı "səhvləri" haqda sosial şəbəkədə katalizator xarakterli fikirlər yayanların izinə çoxdan düşmüşük. Bu xətt hardan gəlir, gözəl bilirik.
Çünki Sadıqov yaxın illərdə ölkə futbolunun əsas idarəçilərindən birinə çevrilməkçün ən təbii və real fiqurdur. Onun imicini zədələmək istəyən qüvvənin də kimliyi məlumdur və onun biclik siyasəti çox işləməyəcək. Gülərək, doğmalıq göstərərək Sadıqovun yanında olduğunu "oynayan" qüvvə hesab edir ki, Sadıqovu arxayın salıb, öz tərəfinə çəkib, pərdə arxasında öz politikasını yürüdəcək. Biz ki, sizin Qurbanov və Sadıqov tandeminə necə ikrah hissiylə yanaşdığınızı çox aydın sezirik... Sizi Azərbaycan futbolunun rifahı, inkişafı yox, öz ətrafınızın bu sahədə möhkəmlənməsi maraqlandırır. Neqativ niyyətli insanlarsınız deyə, yanınızda dürüstlər qalmadı. Uğur da heç vaxt nadürüstün yanında olmaz...
Çox zamanında ayılan böyük kapitan dünən komandanı yanına toplayıb, stadionu dövrə vurmasıyla tribunalara jestdən ziyadə, daha çox TRİUMF göstərişi verirdi. Biz varıq və qalibik!
O, həqiqətən çox incə, ancaq tutarlı mesaj verdi. Niyə bu qənaətdəyik - çünki onun təhlil, yanaşma və nəticə çıxarmaq qabiliyyətinə çox yaxşı bələdik.
O və dostu Qurbanov dünən həm də İLAHİ ƏDALƏTİN köməyi ilə qalib oldular. Sözün bütün mənalarında...
Hələ illər əvvəl Qurbanov, "Rəşad mənim komanda yoldaşım olmaqdan savayı həm də yaxın dostumdur, dürüst insandır və mənim komandama daim lazım olacaq" deməyi ilə komanda fəlsəfəsinə özünəməxsus və uğurlu yanaşma etdiyini göstərmişdi. Zaman da göstərdi... Komanda belə olar.
"Qarabağ"ın qruplara düşməsilə artıq hamı Qurbanovun komandasını və işini tempdən salmadığını, hər iki cəbhədə lazımı qədər faydalı iş qura bildiyini gördü.
Milli futbolun uğuru, nailiyyətlərini və inkişafını istəyiriksə, Qurbanov - Sadıqov tandemi ölkə futbolunun başında olmalıdır və Millinin büdcəsi, bütün iyerarxik strukturu onların əlində cəmləşməlidir. Yoxsa bəd niyyətçilər daim gülərüz badalaq üçün hazır vəziyyətdədilər. Xeyirlə şərin birgəliyi mümkün olmayıb, olmayacaq da.
Bunlar şərq nağılı, qərb fantastikası deyil, illərə əsaslanan müşahidədən doğan qənaətlərdir.
Və ən əsası, Qurbanov - Sadıqov tandemi özü təşəbbüsü ələ almalı, "gülərüz zəhərli politikanın" qurbanına çevrilməməkçün əvvəldən hazır olmalıdır.
O tandemin məhsulu olan sistematik uğurlu "Qarabağ"ın timsalında ümumilikdə Azərbaycan futbolunu uğurlara daşıyacaq bu KOMANDA idarəçiliyə gətirilməlidir/gəlməlidir.
10 il hakimiyyətdə olan hazırkı idarəçiliyin milli komanda üçün kifayət qədər futbolçu bazası hazırlanmasını bacarmaması göstərir ki, bunlar hökumətdən hüdudsuz ayrılan imkanları işə sərf etməyiblər. Dünyadakı çoxsaylı nümunələrlə müqayisə etsək, onda Azərbaycan futboluna ayrılan imkanların qarşılığında uğur indikindən xeyli çox və daha kütləvi olmalıydı (futbolpress.az).

