Avropa Liqasında I təsnifat mərhələsinə dünən yekun vuruldu.
Cavab oyunları çərçivəsində baş tutan qarşılaşmalarda üç Azərbaycan klubu da meydana çıxdı.
Öncə Bakıdakı matç start götürüb. “Keşlə” öz meydanında “Baltsan”ı qəbul etdi. Bakılılar 1:4 hesablı səfər məğlubiyyətinin əvəzini 2:1-lə çıxsa da, bu, mərhələ keçmək üçün yetərli olmadı.
“Qəbələ” Lüksemburqda “Proqres”lə görüşdü. Əyalət təmsilçisi evdəki 0:2 hesablı yenilginin revanşını tək qolla aldı. Amma Stiv Monrozun vurduğu qol turu keçməyə kifayət etmədi.
“Neftçi” isə Macarıstanda “Uypeşt”in qonağı oldu. Bakılılar 3:1 hesablı qələbədən sonra səfərə üstün yollansa da, meydan sahibləri paytaxt təmsilçisini şoka saldı. Roberto Bordnin komandası 0:4 hesablı darmadağınla Budapeştdən boynubükük döndü.
İyulun 19-u Azərbaycan futbolunun «qara cümə axşamı» kimi tarixə düşməyəcək. Əslində, bu gün özünü göstərə-göstərə, göz vura-vura gəlirdi. Və gəlib haqladı! «Bir təsadüf…», «olacağa çarə yox» kimi ibarələrlə üstündən adlamayaq dünənki gecənin yanından. Bütün bunlar bir gecənin, yaxud bəxtsizliyin günahı deyil.
Azərbaycan idmanında ümumən sabitlik çatışmır. Bir ara klublarımız voleybolda Avropa səhnəsində at oynadırdı. «Dördlər finalı»na vəsiqə qazanırdıq, qitənin ən güclüsüÖ mükafatçısı olurduq. İkinciliyi götürəndə bunu uğur kimi qiymətləndirmirdik,
CEV Kuboku və «Çelenc» kimi turnirlərə ümumiyyətlə barmaqarası yanaşırdıq, bu turnirlərdə iştirakı özümüzə yaraşdırmırdıq. Çünki Super Liqamızda 5-6 iddialı və imkanlı klub çıxış edirdi, amansız rəqabət mühiti yaranmışdı, bir-birindən səviyyəli, bahalı legionerlər durmadan Azərbaycana axışırdı.
Hanı indi onlar? Klublar iqtisadi krizis yaşayan kimi hamısı çıxıb getdi, meydan heç kimə lazım olmyanlara qaldı və budu, artıq ölkəmizi avrokuboklarda təmsil etməyə komanda tapmırıq. Rəzilliyə bax, federasiya hazırda çempionat keçirməyə iştirakçı bula bilmir.
Futbolda da həmin proses, həmin tənəzzül gedir. 2012-2013-cü illərdən, bu sahənin inkişafını nəzərdə tutan dövlət proqramının müddətinin başa çatmasına 2 il qalmış başlayan geriləmə bu gün son fazadadı. Daha bundan o tərəfi ola bilməz! AFFA ötən iki mövsümü 8 komandanın iştirakıyla keçirib, növbəti «futbol ili»ndə də dəyişiklik olmayacaq.
Rövnəq Abdullayev bugünləri görməliydi, dövləti vaxtında xəbərdar etməli, tədbir almalıydı. Nə olur-olsun! Çünki futbol ona tapşırılıb, məsuliyyət daşıyır. Abdullayev ya gerçəkləri görmək istəmədi, ya da təbii qarşıladı. Nədən xəbər verir bu? Nəzarətsizlikdən!
Abdullayev öz üzərində həmin nəzarəti hiss etsəydi, sərəncamındakı şəxslərin də fəaliyyətini diqqətə alar, analiz edər, bir nəticə çıxarardı. Bunlar hamısı bir-biriylə üzvü əlaqəlidi. AFFA prezidenti dövlətin onun personasına olan inamından başqa cür yararlana bilərdi, görünür, futbola görə üzünə söz gələcəyinə şübhəylə yanaşdı.
Sözsüz, dünənki gecə dünəndə qalmadı. Sorğu-sualı mütləqdi. Rövnəq Abdullayev iş adamlarını bir-birinin ardınca futboldan uzaq salanda, əlaltılarının onlara şər-şəbədə qoşub bu sahədən iyrəndirməsinə göz yumanda, başa düşməli idi ki, bir çətirin altına yığılan klublara Avropada «pəpə» yoxdu. Hələ harasıdı bu?! Vallah, fəlakət qabaqdadı, çox yaxındadı. Necə ağılsız olasan ki, bu təhlükənin nəfəsini kürəyində hiss etməyəsən? İnsan buqədərmi duyğusuz olar?
«Qarabağ»ın son illərdəki çıxışının istisinə kor olmuşuq. İllərdi aldadır bizi. Bir güllə bahar olmaz, yazıq Qurban Qurbanov bunu axı nə qədər təkrarlasın? AFFA İcraiyyə Komitəsində dəfələrlə məsələ qaldırıb, təkid edib, deyib ki, Premyer Liqada say artımını tezləşdirmək lazımdı, əks halda, 2-3 il sonra «Qarabağ» da avrokuboklarda nəticə əldə eləyə bilməyəcək.
Rəqabətin yox, ciddi oyunların az olduğu çempionatdan çıxan komandaları Biləcəridən o yanda biabırçılığın gözlədiyini azı yüz kərə təkrarlayıb. Çi fayda! Eşidənmi var onu? Kimi-kimi… Azərbaycanın ən dəyərli mütəxəssisini, «Qarabağ»la Çempionlar Liqasında ən yeni tarixi yazan, milliyə üstlənən Qurbanovu. AFFA başbilənləri futbolumuza bunca xeyir verən, böyük uğurların altında imzası olan Qurban hocaya məhəl qoymur, təsəvvür edirsiz?
Başqa ölkədə doğulsaydı, yaşasaydı, bu nəticələrin yarısını göstərsəydi, əllər üstündə gəzdirərdilər Qurbanovu, ağzından çıxan hər sözü sırğa edib öz qulaqlarından asardılar, hikmət-kəlam dərsliyinə salardılar.
Məhvdi e, artıq futbolumuz! Lənət olsun AFFA rəhbərliyinin içindəki pul-para sevgisinə! Futbolda bir kənar adam qalmayıb, qovublar. Klubları öz aralarında bölüşdürüblər, biri üçünə nəzarət edir, biri ikisinə, biri nə bilim neçəsinə! Sözün həqiqi mənasında monopoliya yaradıblar, yaxın gəlmək istəyənləri də dördəllə parçalamağa hazırdılar! Heç tükləri də tərpənməyəcək 3 klubun bir gecənin içindən Avroliqadan uzaqlaşdırılmasına.
Belə də olmalıymış kimi bir tövr sərgiləyəcəklər. Nəvaxtadək belə gedəcək? Dövlət futbolu incələməyə alandan, vəzifə yiyələrinin topladıqlarının üstünə əl qoyanadək. O gün nə gündü? Yaxındamı, uzaqdamı – mən də sizin kimi – bilmirəm. Amma gözləyirəm. Dəhşətli dərəcədə səbirsizlənirəm o gün üçün. Hər gün dua edirəm, Tanrıdan diləyirəm ki, yetir, biz də o günü görək!
«Baltsan»a uduzan kluba ağalıq edən Zaur Axundovun dediyini eşitdiz? Deyir, bu məğlubiyyətlə futbol qurtarmır. Küçə komandasına uduzan «Keşlə»nin rəhbərinin məntiqinə quzu kəsim! Çıxıb üzr istəmək əvəzinə, hələ arsız-arsız bu kəlməni dilinə gətirir. Məsuliyyətsizliyin son nöqtəsidi bu! Rövnəq Abdullayevin özü elə, adamı belə. Bir bardaqdan su içiblər.
Futbolumuz qlobal böhran yaşayır. Yenə dövlət… Ancaq dövlət… Bir ölkənin çempionatında 8 klub çıxış edir, onun da yeddisi paytaxtın bir dərə-bərəsində məskən salıbsa, faciənin miqyası bu cür də olmalıdı. Dünənədək hanısa klubumuz Avroliqada 2 mərhələ keçməklə kifayətlənəndə, onu top atəşinə tuturduq, qələmimizin altına uzadıb, sağa da çırpırdıq, sola da çırpırdıq. Malta, Luksemburq, Macarıstan kimi ölkələrin klubları ilə düşəndə, düşünmədən proqnoz verirdik, evdə və səfərdə vuracağımız qolların sayının üstündə mübahisə edirdik. Ağlımızın ucundan da keçmirdi ki, birdən uduzarıq. Bir növ, qələbələrə öyrəşmişdik. Bir az da pərvazlanmışdıq, göylərdə uçurduq.
Artıq gözümüz ayağımızın altını görür. Öz xoşumuzla enməmişik yerə. Çırpılmışıq! Regionsuz, səfəri olmyaan çempionatın iştirakçılarıyla Avropaya gedirik, burnumuzdan vurub geri qaytarırlar. Futbolçu şəhərdən kənara çıxmayandan, bölgə havasını ciyərlərinə çəkməyəndən, azarkeş ordusunu görməyəndən sonra təbii ki, qitənin «cırtdanlar»ı və ortababları basıb gözünü deşəcək.
«Neftçi»nin cavanmərd olmayan yerlililəri və legionerləri dünən Budapeştdə tir-tir titrəyirdi. Yarısı da dolmamış stadionda «Uypeşt» azarkeşinin xofu onları necə basmışdısa, oynadıqları futbolun adı «çistuşka» da deyildi. Nə bilim, nə zibiliskiydi…
Əslinə qalanda, iyulun 19-da qeydə alınan 3 «qara xəbər» bir işıqlı sabahın carçısı da ola bilər. Bəlkə bundan sonra dövlət bir tərpənə, etibarından sui-istifadə edənlərin köynəyindən yapışa, silkələyə, «gəlin, cavabını verin» deyə.
Aman Tanrım, nə olar, tezləşdir o anı. Yalvarıram, sonraya saxlama!
Xəzər Hikmət

