Çox maraqlı bir futbol yarışı geridə qaldı.
Azarkeşlik etdiyim Almaniya fiaskoya uğrasa da, çempionata olan marağım azalmadı.
Ümumiyyətlə, bu yarışlar milli komandalar və oyunçular üçün bir vitrindi. Hər kəs bacardığını ortaya qoymağa çalışır.
Mən də hər dəfə olduğu kimi, dünya futboluna baxıb özlüyümdə Azərbaycan futbolu ilə paralellər aparmağa çalışıram, müqayisələr edirəm.
2 il əvvəl Avropa çempionatından sonra İslandiya və Şimali İrlandiya ilə müqayisələr aparmışdım. Bu dəfə isə turnir zamanı eşitdiyim, sosial şəbəkələrdə rast gəldiyim bəzi məqamlara fikir bildirəcəm.
Bizdən 2,5 dəfə az, yəni 4 milyon əhalisi olan Xorvatiyanın oyunu və uğurları hamını təəccübləndirirdi. Bu kriteriya ilə iştirakçı ölkələrə baxanda Dünya çempionatında iştirak edən İslandiyanın əhalisi bizim Xətai rayonu qədərdi. 22 il əvvəl Natiq Cəfərli dostumun dediyi bir söz yadıma düşdü: Çilidə 4 nəfər yan-yana gəzəndə birinin ayağı suya dəyir, amma oynadıqları futbola bax!
Əgər futbol oyununda uğur qazanmaq əhali sayından, ərazi genişliyindən və var-dövlətdən asılı olsaydı, Çin, Hindistan, Rusiya, Qatar, Ərəb Əmirlikləri hər çempionatda yarımfinal oynayardı.
Futbol bir sənayedir, böyük reklam bazarıdır, siyasətdir. Bu sahə düzgün analiz edilib, düzgün qurulmuş sistem üzrə inkişaf etdirilərsə uğur qazanmaq mümkündür. Əslində Azərbaycanda bunu etmək çox asandı.
Ölkə elə də böyük deyil, regionlarda infrastruktur var, iqlim əlverişlidir. Bunun üçün bahalı oyunçular, adlı-sanlı məşqçilər gətirib milyonlarla pul xərcləməyə ehtiyac yoxdu. Futbol mütəxəssisi olan bir yaxın tanışımın dediyi kimi, Azərbaycan futboluna cəmi 1 nəfəri transfer etmək lazımdı. Almaniya, İslandiya, Belçika və ya Xorvatiya futbol federasiyalarının rəhbərlərindən birini. Ya da onlar kimi düşünən, onlar kimi işə can yandıran, futbolu sevən, təkəbbürdən uzaq olan birini. Sonra da mümkünsə ona mane olmamaq və imkan daxilində kömək etmək. Vəssalam!
Xorvatların çıxışını sürpriz hesab edənlər üçün isə kiçik məlumat verim. Xorvatiya - müstəqil dövlət olaraq beynəlxalq yarışlarda çıxış etmək hüququ qazandığı dövrdən etibarən yalnız 1 Dünya və 1 Qitə çempionatının final mərhələsində iştirak etməmişdir. 1994-cü ildə FIFA reytinqində 125-ci yerdən başlayıb 3-cü pilləyə qədər yüksələrək fantastik sıçrayış edən başqa bir ölkə hələki yoxdu. Avropanın braziliyalıları adlandırılan xorvatların gələcəkdə Dünya Kubokunu qazanacaqları artıq heç kimə təsadüf kimi görünməz.
O ki qaldı XXI çempionatın qalibinə, şəxsi fikrim budu ki, Fransa həqiqətən bu mundialın ən güclüsü idi. Dostluğumda olan bütün Fransa azarkeşlərini 2-ci ulduzla təbrik edirəm.
Babək Həmidov

