Rusiyada keçirilən dünya şempionatına 2-ci turda vida edən Meksika haqqında qəribə iddia ortaya atılıb.
Sportinfo.az xəbər verir ki, Almaniyanı1:0 hesabı ilə məğlubiyyətə uğradan komandanın daha sonra İsveçə 3:0, Braziliyaya 2:0 hesabla məğlub olması millinin kolumbiyalı baş məşqçisi Xuan Karlosun sevgilisi ilə əlaqələndirilib.
Meksika mətbuatında yayılan iddiaya görə, millinin baş məşqçisi Xuan Karlos Rusiyaya həm ailəsini, həm də 2016-cı ildən bəri birlikdə olduğu gənc futbol şərhçisi olan sevgilisi Mariana Zakariası gətirib.
İki qadınla münasibətlərinə aydınlıq gətirə bilməyən baş məşqçi bu durumun mürəkkəbliyinə görə diqqətini milliyə verə bilməyib və bununla Meksika uğursuzluğa düçar olub.
Bu barədə Meksika mətbuatına məlumat verən bir mənbə baş məşqçinin cazibədar şərhçi ilə birlikdə olduğundan bəri özünü toplaya bilmədiyini deyib. O bildirib ki, Xuan Karlosun həyat yoldaşı onun gənc sevgilisinin olmasından xəbərdardır.

