Xəyanət etdi - Müasir futbolda belə "zarafat"lar etmək olmaz!

8 İyul 2018 12:54 Dünya çempionatı 859
Xəyanət etdi - Müasir futbolda belə "zarafat"lar etmək olmaz!

Dünya çempionatları tarixində Braziliya üçün gözəl şans yaranmışdı.

İtaliya, Hollandiyasız başlayan mundial birdən-birə İspaniya, Almaniya, Argentina, Portuqaliyanı da evə yola saldı.

Braziliya qarşısında "yaşıl işıq" yandırılmışdı...

İştirakçılar arasında ən güclü heyətə malik millilərdən idi. Mükəmməl fərdi ustalığa sahib minimum 5-6 futbolçu meydanda istənilən görüşün taleyini həll edə biləcək gücdə idi..

Qrup oyunlarında artıq hiss olunurdu ki, komanda da "nəsə" çatışmır. Rəqiblərin nisbətən zəif olması, millilər arasında səviyyə fərqi özünü göstərirdi. Meksika üzərində rahat qələbə qazanılsa da, artıq görünürdü, belə futbolla "ilişə" bilərlər...

Belçika yığması çempionatın ən yaxşılarındandır. İlk oyunlardan bunu göstərməyə başladılar. Yaponlar üzərində samuray ruhlu qələbə braziliyalıları "oyatmalı" idi.

İlk dəqiqələrdən Belçika rəqib meydanında yaxşı təşkil olunmuş presinqlə rəqibdən çəkinmədiyini, açıq futbol oynayacağını göstərdi. Braziliya özü presinqdən istifadə etsə də, komanda olaraq buna hazır deyildi. Daha doğrusu, çox arxayın idi. Özgüvənlik başqa, özündən razılıq başqa...

Braziliya taktiki olaraq görüşə hazırlaşmamışdı. Bunu rəqibinə həvalə etmişdi. Psixoloji vəziyyətdən isə danışmağa dəyməz. Baş məşqçi bu cür usta futbolçuları komanda şəklinə sala, motivasiya edə bilməmişdi. Braziliyalıların meydanda ancaq fərdi braziliyalı ruhu görünürdü. O da epizodik hallarda...

Arxada "piyada" ötürmələr, müdafiə ilə hücum arasında əlaqənin olmaması, mərkəzdə olan futbolçuların düz oynamaması, əksinə, hərəkətsiz geri çəkilərək müdafiəçilərlə mərkəzdə mənasız sıxlıq yaratmaları belçikalıların işinə yarayırdı. Belədə məcburiyyətdən orta, uzaq ötürmələrlə Neymar, Vilyam və digərləri "axtarılırdı". Komanda olaraq deyil, yalnız top onlarda olarkən fərdi keyfiyyətləri sayəsində temp artır, hücumlar qurulurdu. Braziliya vahid bir mexanizmdən daha çox, usta futbolçuların yığışdığı toplumu xatırladırdı. Hətta belə vəziyyətdə belə futbolçuların texniki imkanları o qədər üstün idi ki, çoxsaylı qol epizodları yarada bilirdilər.

İlk qoldan sonra "sehrbazlar" "yuxu"dan oyanmadı. Yenə arxa, mərkəzdə monoton oyun, "pensioner" paslaşmaları davam edirdi. Sanki, "bizə nə qədər qol vursalar da, çoxunu biz vurarıq" arxayınlığı ruhlarından əl çəkmirdi. Yaddan çıxarmışdılar ki, bu dəfə qolu rəqib deyil, özləri özlərinə vurmuşdular. Oyanmaq üçün bir siqnal idi...

Belçikalılar isə "sehrbaz"ların "yatmasından" istifadə edib 2-ci qolu da vurdular. 30 dəqiqədən sonra çempionluğa iddialı Braziliya üçün 0-2 artıq psixoloji faciə idi...

Fasilədən sonra braziliyalılar gənc yaşlarında "pensioner"liyi unudub sürəti bir qədər artırıb rəqibi öz meydanına sıxdılar. Artıq arxadakı "gəzinti"lərə yer yox idi. Gec də olsa qol gəldi. Oyuna köklənmə yerində olmadığı üçün yaradılan digər epizodlarda konsentrasiya çatışmır, top qapıya getmirdi. Əvəzləmələr effektli olsa da, artıq gec idi...

Müasir futbolda belə "zarafat"lar etmək olmaz. Braziliya millisi futbola xəyanət etdi.

Məhəllə futbolu təfəkkürü, oyunçuların ustalığı sayəsində 1-2 rəqibi üstələyə bilərsən, Belçikanı yox. 90 dəqiqə meydanda əsl "braziliyalıq" edən Hazard texniki imkanlarla komanda oyununun vəhdətinin necə olmasını əsl braziliyalılara göstərdi. Kapitanın möhtəşəm reydləri, ikinci hissədə oyunu öz üzərinə götürərək komandaya müdafiədə "nəfəs" almaq imkanı yaratması, sürətli əks-hücumların təşkili oyunçularda özünəinamı artırır, rəqibin təzyiqi qarşısında panikaya düşməyə imkan vermirdi. Belçika təsadüfi deyil, layiqli qələbə qazandı.

Braziliyalıların 4 il düşünməyə vaxtları olacaq. Fiziki, taktiki, psixoloji hazırlıq, komanda oyunu, əzmkarlıq, sona kimi mübarizə aparmadan irəli gedə bilmərsən. Digər nəhəng futbol ölkəsi İngiltərə bütün bu komponentləri İsveçlə oyunda dünyaya əyani olaraq göstərdi...

Tahir Süleymanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti