Çerışev xorvatlara qol vuran an Eddi Israfilovu xatırladım.
Hər ikisi də futbolun sirlərini Ispaniyada öyrənib.
Eddi milliləşib Bakıya gəldiyi gün AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu zəng elədi ki, müsahibə almaq istəyirsən? Sevincək "hə" dedim.
Dedi, filan saatda AFFA-da ol. Indi mən necə sevinirəm, görməliydiz. Müdirin otağına girib dedim ki, Eddi Bakıdadı, eksklüziv müsahibə alacam. Rəis fəxrlə baxıb, "kişi adamsan" söylədi.
Onun bu sözlərindən daha da ruhlanıb işdən AFFA-ya kimi olan məsafəni Cekki Çan, Van Damm, Rembo kimi qət elədim. Elə başımı federasiyanın qapısından içəri salmaqla, qol-qanadımın qırılıb yanıma düşməsi heç 1 saniyə çəkmədi.
Azı 10 jurnalist var idi. Dərhal tısım yatdı. Baxdım ki, Rembo, Cekki Çan, Van Damm Elxan Məmmədovdu. Baş katib Eddinin milliləşdirilməsindən nətər vəcdə gəlibsə, utanmasa, qalxıb göydə razvorot-povorot eləyər. Indi "Sumqayıt"a rəhbərlik eləyən Riad Rəfiyev də tərcüməçilik elədi.
Eddinin Azərbaycan millisində oynaması üçün AFFA külli-miqdarda vəsait ödəmişdi. Heyif, o pullardan.
Rusların "ispan"ı xorvatlara qol vurur, bizim "ispan" Eddi isə komanda yoldaşlarının porno görüntüsünü yaymaqda ittiham olunur.
Çerışovun qolu yüzminlər, bəlkə də milyon dollar verib Azərbaycan pasportuyla şərəfləndirdiyimiz Eddi Israfilovu xatırlatdı.
Çəkiliş üçün "Qarabağ"ın Antalyadakı düşərgəsinə yollanmışdım. Vüqar Nadirovla Qara Qarayev yaxınlaşdı. Görüşüb, hal-əhval tutduq.
Həmin ərəfədə Eddinin Azərbaycan millisinə cəlb olunması məsələsi gündəmdəydi. Vüqar şirin Ağdam ləhcəsiylə giley-güzar elədi: "Qaqa, Eddini tanıyırsan, nə futbolçudu e o? Milliyə niyə gəlməlidi ki?".
Əslində, Vüqar Qaraya görə narahat idi. Fikirləşirdi ki, Eddi gələndən sonra Qara heyətə düşməyəcək. Dedim, bunda pis bir şey yoxdu, anası azərbaycanlıdı, rəqabət yaxşı şeydi, güclüdürsə oynayacaq, əks halda Qaranın "zamenşik"i olacaq.
Zaman göstərdi ki, Eddi qıçı boyda Qaradan zəifdi.
Ceyhun Rzayev

