Bu gün Rusiyada keçirilən dünya çempionatında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, meydana çıxacaq 4 komandanın hamısı Avropa təmsilçiləri olacaq.
Əvvəlcə təşkilatçı Rusiya ilə dünya və üçqat Avropa çempionu İspaniya milliləri üz-üzə gələcək. Qrup mərhələsində Rusiya Səudiyyə Ərəbistanına 5:0, Misirə 3:1 hesabı ilə qalib gəldikdən sonra Uruqvaya uduzub - 0:3. Nəticədə Stanislav Çerçesovun baş məşqçisi olduğu komanda A qrupunu 6 xalla 2-ci pillədə başa vurub.
İspaniya isə B qrupundakı görüşlərində İrana 1:0 hesabı ilə qalib gəldiyi halda, Portuqaliya ilə 3:3, Mərakeşlə isə 2:2 hesablı heç-heçə edib. Nəticədə Fernando Yerronun baş məşqçi olduğu yığma qrupu 5 xalla 1-ci pillədə başa vurub. Bu komanda ikinci yeri tutan Portuqaliyanı yalnız daha üstün top fərqi sayəsində geridə qoyub.
Bu kollektivlər indiyədək dünya çempionatlarında qarşılaşmadıqları halda, Avropa çempionatlarında 3 dəfə görüşüblər.
AVRO-2008-də İspaniya Rusiyanı qrup oyununda 4:1, yarımfinalda 3:0 hesabı ilə yenib. AVRO-1964-ün finalında isə İspaniya Rusiyanın hüquqi sələfi sayılan keçmiş SSRİ millisinə minimal fərqlə qalib gəlib - 2:1.
18:00. İspaniya - Rusiya
Hakimlər: Byorn Kuypers, Sander van Rökel, Ervin Zeinstra (hamısı Hollandiya), Kleman Turpen, Nikolya Dano (hər ikisi Fransa)
Moskva, "Lujniki" stadionu

