Rusiyadakı dünya çempionatında avtoqol sayı üzrə mundiallar rekordu təzələnib.
Sportinfo.az xəbər verir ki, yeni rekord iyunun 27-də F qrupunda keçirilmiş Meksika - İsveç matçında qeydə alınıb.
"Yekaterinburq Arena"da təşkil edilmiş qarşılaşmanın 74-cü dəqiqəsində meksikalı müdafiəçi Edson Alvares topu öz qapısına göndərib. Bu, DÇ-2018-də 7-ci avtoqol olub. Beləliklə, 20 il əvvəl Fransada baş tutmuş dünya çempionatındakı rekord qüvvədən düşüb.
İsveçin 3:0 hesablı qələbə qazandığı görüşün ardından E qrupunda oynanılmış İsveçrə - Kosta-Rika matçı daha bir avtoqolla əlamətdar olub.
2:2 hesabı ilə yekunlaşan matçın uzatma dəqiqələrində penaltidən vurulan zərbə qapı tirinə tuş gəldikdən sonra isveçrəli qapıçı Yann Zommerə dəyərək, tora daxil olub. Beləliklə, DÇ-2018-də 44 oyunda 8 avtoqol gerçəkləşib.

