Rusiyada davam edən dünya çempionatında bu gün C və D qrupunda son turun oyunları olacaq.
C qrupunda ilk yeri tutan komanda D qrupunun ikincisi, ikinci yerin sahibi isə qrup lideri ilə qarşılaşacaq.
Saat 19:00-da Fransa-Danimarka oyunu başlayacaq. Həmin saat bu qrupda Peru-Avstraliya oyunun da startı veriləcək. Saat 22:00-da isə D qrupunda Argentina-Nigeriya oyunu başlayacaq. Eyni vaxtda İslandiya-Xorvatiya qarşılaşmasının da start fiti çalınacaq.
Fransa növbəti mərhələdə, bəs...
Fransa C qrupunda 6 xalla liderdir və növbəti mərhələyə vəsiqəni təmin edib. Danimarkanın isə 4 xalı var və ikinci yerdə qərarlaşıb. Bu komandalar indiyədək yaşıl meydanda 15 dəfə görüşüblər. Bu qarşılaşmanın 8-də Fransa, 6 oyununda isə Danimarka qələbə qazanıb. 1 oyunda isə qalib müəyyənləşməyib.
Fransanın təmsil olunduğu qrupdan növbəti mərhələyə yüksələcəyi barədə proqnozlar hələ çempionatdan əvvəl də vardı. Çünki Fransanın rəqibi olan hər üç komanda mundialın finalına seçmə mərhələnin sonunda keçirilən “pley-off” oyunlarında qalib olaraq gəlib.
Didye Deşamın komandası “pley-off”a vəsiqəni bir tur əvvəldən təmin edib. Fransa həm Avstraliyaya (2:1),həm Peru(1:0) ilə qarşılaşmada minimal hesabla qalib gəlib. Minimum nəticə əldə edilsə də, Fransa mətbuatında Didye Deşamın komandasına sərt tənqidlər var.
Xüsusilə hücum xəttinin “dişsiz” oynadığı qeyd edilir. Bu tənqidlə razılaşmaq olar. Çünki Fransa son iki turda məhsuldarlığa görə 6 xal toplamış bəzi komandalarla (Belçika, Rusiya, İngiltərə) müqayisədə xeyli geri qalır. Bundan əvvəlki turda 36 il sonra mundiala vəsiqə qazanmış Peru millisinin qapısına cəmi 1 top vura bilməsi tənqidləri daha da artırıb.
Fransanın əlbəttə ki, 20 il əvvəl öz ölkəsində dünya kubokunu qazandığı uğuru Rusiyada təkrar edəcəyi bu oyunla real deyil. Fransa Avstraliya və Peru ilə qarşılaşmalarda ortabab komanda kimi oynadı. Bir az güclü rəqib artıq Fransa millisi üçün ciddi başağrısı ola bilər. Məsələn, Danimarka kimi...
Danimarka qrupda 4 xal toplasa da, bugünkü rəqiblərindən daha baxımlı oyun sərgiləyir. Baxmayaraq ki, onlar da məhsuldarlıqları ilə seçilmirlər. Rəqib qapısından iki top keçirib, birini isə qapılarında görüblər. Fransa qrupdan çıxmağı qarantilisə də, birinci yerdə tam yerləşməyib.
Üstəlik, Danimarkanı təqib edən Avstraliyanın bir xalı var və Perunu böyük hesabla udacağı təqdirdə 4 xalı və top fərqi avantajı olacaq. Bu səbəbdən Danimarka məğlub, Avstraliya böyük hesabla qalib olarsa növbəti mərhələyə “yaşıl qitə” təmsilçiləri çıxa bilər. Oyun heç-heçə bitərsə, Fransa Danimarkanı da yanında növbəti mərhələyə aparacaq.
Fransa millisinin Danimarka ilə oyunda “separat” heç-heçə nəticəyə razılaşa bilər də, amma bu dəfə yenə də milli komanda tənqidlərə tuş gələcək. Hesabın heç-heçə olacağı daha gözlənilən nəticədir. Amma hər hansı razılıq olmasa, hər iki komanda açıq oyuna meyllənə və Danimarka hətta Fransaya qalib gəlib birinci yeri də tuta bilər.
Avstraliyanın minimal şansları
Bu görüşlə eyni vaxtda başlayacaq Avstraliya-Peru qarşılaşması yuxarıda qeyd etdiyimiz kimi, ancaq yaşıl kontinentin futbolçuları üçün əhəmiyyətlidir. “Pley-off” mərhələsinə yüksəlmək istəyən Avstraliya ardıcıl beşinci dəfədir ki, mundialın iştirakçısıdır. Komanda bu mundialda bir oyunda uduzub, bir oyunda heç-heçə etsə də, əzmkar oynadı.
Həm Fransa, həm Danimarka ilə oyunda məğlub duruma düşsə də, hesabı bərabərləşdirə bildi. Yada salaq ki, Fransa ilə oyunda həm penalti, həm də ikinci qol üçün video-təkrara müraciət edildi. Proqbanın vurduğu top qapı çatısına dəyib xətti keçməsəydi, oyun böyük ehtimalla heç-heçə bitəcəkdi. Yəni Bert van Marveyk bu ilin yanvarından rəhbərlik etdiyi komanda mundilda yadda qalan oyun nümayiş etdirir. Bu gün onlar Perunu məğlub etmək gücündədirlər. Amma Peru da qapısını qorumağı bacarır və hücum futboluna meyllidir. Onlar da mundialı xalsız tərk etmək istəməyəcəklər.
Argentina millisinin faciəsi
Bu gün çox maraqla izlənən D qrupunda da son turun oyunları keçiriləcək. Argentina Nigeriya millisi, Xorvatiya isə İslandiya ilə qarşılaşacaq. Kimin ağlına gələrdi ki, “ölüm qrupu” adlanan dördlükdə Argentina son tura cəmi 2 xalla üçüncü və üçüncü pillədə gəlib çıxacaq. Qeyd edək ki, Xorvatiya 6 xalla qrupda birinciliyini təmin edib. Nigeriyanın 3 xalı, İslandiyanın isə bir xalı var.
Argentina millisində nə baş verdiyi haqda o qədər ziddiyyətli xəbər var ki, onların heç birinin futbola dəxli yoxdur. Messi Argentina millisini elə qarışdırıb ki, ondan indi ancaq fələk baş aça bilər. Bu dedi-qodulara heç girməyək, amma təəssüf ki, adlı-sanlı bir komanda indi bu cür pis vəziyyətə düşüb və mundialdan nə qədər tez getsələr, o qədər onların xeyrinə olar.
Xorvatiya qapılarına 3 top vurdu, görərsən, “pley-off” şansları tutarsa, başqa bir komanda Argentina millisini rüsvay edər. Argentina həm “nakolkalı” baş məşqçi ilə, həm komanda daxili intriqalardan sarsılmış kimi görünür. İndi bugünkü oyun haqda deyirlər ki, baş məşqçini oyunçular boykot edib,
Nigeriya ilə oyuna komandanın heyətini Messi və Maskerano müəyyən edəcək. Bu cür vəziyyət isə ikinci turda İslandiya üzərində əzmkar qələbə qazanan (2:0) Nigeriyanın çox ürəyincə olmalı. Nigeriya birinci oyunda Xorvatiya millisi qarşısında çox aciz görünsə də, İslandiyaya dərs verdilər. Hesab (2:0) daha böyük ola bilərdi, çünki afrikalılar dayanmadan İslandiyanın qapıçısını narahat etdilər.
Xüsusilə “Lester-Siti”də forma geyinən Nigeriya millisinin hücumçusu Əhməd Musa əla oynadı. Hər iki qolun müəllifi də o oldu. İndi bir neçə amilə baxanda Nigeriyanın növbəti mərhələyə çıxmaq şansı daha çoxdur. Argentinaya yalnız qələbə lazımdırsa, Nigeriyanı heç-heçə də təmin edir.
Amma o halda ki, İslandiya da Xorvatiyaya uduzsun və ya heç-heçə etsin. Xorvatiyanın udacağı (həm də hansı hesabla), Argentinanın heç-heçə edəcəyi təqdirdə Messinin komandası çamadanını yığışdıra bilər. Amma Argentina üçün ağlamağa dəyməz. Çünki “özü yıxılan ağlamaz”.
Bu halda 4 xala sahib Nigeriya və İslandiyanın vurub-buraxdığı toplar hesablanacaq. Bu qarışıq qrupda kimin ikinci vəsiqəni əldə edəcəyi bu gecə bilinəcək.
Nazim Sabiroğlu,

