
“Dünya çempionatına hazırlıqlar artıq son mərhələdədir.
Əlamətdar haldır ki, bu gün şəhərimizin sakinləri və qonaqları üçün Dənizkənarı Parkda “Fan Zona” açıldı.
İnsanlar asudə vaxtlarını burada keçirə bilərlər. Bu, dünya çempionatına marağı daha da artıracaq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə bağlı deyib.
O qeyd edib ki, dünya çempionatının oyunlarını qəbul edəcək Milli Gimnastika Arenasında işlər tamamlanmaq üzrədir:
“Artıq son işlər gedir. Arena qarşıdakı günlərdə tam hazır olacaq.
Bildiyiniz kimi, mayın 19-da arenada veteranlar arasında çox maraqlı yoldaşlıq matçı keçiriləcək. Azarkeşlər, futbol ictimaiyyəti həmin matçı maraqla gözləyirlər”.