Zubir “Sportinfo”ya söylədi ki: "Heç vaxt belə...”

10 Dekabr 2022 18:00 Dünya çempionatı 846
Zubir “Sportinfo”ya söylədi ki: "Heç vaxt belə...”

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.

Günün ilk matçında Portuqaliya turnirin sürpriz komandası Mərakeşi sınağa çəkəcək.

“Əl Tumama” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.

Mərakeş və Portuqaliya daha əvvəl iki dəfə bir-birilərinə rəqib olub. Hər iki oyun mundialların qrup mərhələsinə təsadüf edib.

1986-cı ildəki matç Mərakeşin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 2018-ci ildəki turnirdə portuqaliyalılar sevinən tərəf olublar - 1:0.

Afrika təmsilçiləri qrup mərhələsindən sonrakı raundlarda köhnə qitə komandaları ilə 11 dəfə görüşüblər və bunların 9-da yarışla vidalaşıblar.

Tarixdə indiyədək bu qitənin yığmaları yarımfinala vəsiqə qazana bilməyib. Mərakeşdən əvvəl Kamerun (1990), Seneqal (2002) və Qana (2010) 1/4 finalda iştirak edib.

Üçüncü dəfə 1/4 final mərhələsində iştirak edən Portuqaliya millisi bu raundda uduzmayıb. Pireney təmsilçisi 1966-cı ildə Şimali Koreyanı, 2006-cı ildə İngiltərəni mübarizədən kənarlaşdırıb.

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir əslən mərakeşlidir. Onun ölkəsinin yığmasının xüsusi fərqləndiriləcək üstünlükləri nədir?

31 yaşlı legioneri dinləyək:

“Mərakeşin üstün cəhətlərindən biri çox güclü müdafiə xəttinə sahib olmasıdır. Təsadüf deyil ki, arxada qalan oyunlarda da rəqiblər oyun epizodundan Mərakeşə qol vura bilməyib.

Komandamız yalnız bir qol buraxıb, o da avtaqol olub. Ona görə də komandamıza ümid çox böyükdür.

Qətərdə yaşananlar Mərakeş futbolu üçün bir tarixdir. Heç vaxt belə hadisə olmayıb. Milli komandamız ilk dəfə 1/4 final mərhələsinə yüksəlib”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!