Braziliya ilə heç Kim bacarmayacaq...

6 Dekabr 2022 16:20 Dünya çempionatı 505
Braziliya ilə heç Kim bacarmayacaq...

Saç düzümündən çox insanın yaddaşında qalıb.

“90-ların uşaqları”nın əksəriyyəti futbolu onunla sevməyə başlamışdı.

1998-cı ildə Fransada keçirilən dünya çempionatında yaratdığı xarüqələrdən sonra dizlərində yaranan problem onun Pele və Maradona səviyyəsində üzə çıxmasına imkan vermədi.

2002-ci ildə ilk dəfə dünya çempionatı Asiya qitəsinə gəlmişdi. Mundialda öncə əsas favorit olan Braziliyanın ulduzu Ronaldo Luis Nazario de Lima diqqət mərkəzində idi.

Sağlamlıq problemləri ilə çarpışan əfsanəvi futbolçu hər gün dünya mətbuatında müzakirə olunur, onun “sambaçılar”la uzaq şərqə gedib-getməyəcəyinin sual altında olduğu deyilirdi.

Amma Ronaldo bütün diqqətləri başqa tərəfə çəkmək üçün özünə maraqlı saç düzümü tapır. Bu nəinki mətbuatın, futbol azarkeşlərinin də qəlbinə yol tapır və hər kəs saçını “Yekədiş”in saçına oxşatmağa başlayır.

Cənubi Koreya və Yaponiyanın birgə təşkil etdiyi mundialda azərbaycanlı azarkeşlərin əksəriyyəti qardaş Türkiyə millisinə azarkeşlik etsə də, mən hamıdan ayrı Ronaldonun qolunu, cənubi amerikalıların qələbəsini arzulayırdım. Qrup mərhələsində Türkiyə üzərində qələbədən sonra da hər kəsin üzündəki məyusluğun əksinə, çılğınca qələbəni qeyd edirdim. Bundan sonra Çinə 4, Kosta Rikaya 5 qol vuran “sambaçılar” finala qədər uğurlu yol qəth etdilər. Həlledici oyunlarda isə Almaniyanın qolkiperi Oliver Kanın matçdan əvvəl verdiyi açıqlamaların əksinə, Ronaldo iki dəfə avropalıların qapısına yol tapdı. Artıq Braziliya “pentakampionlar” adlanmağa başladı. Baş məşqçi Luis Felip Skolari əlinin altdakı heyətin sayəsində dünya çempionluğunu yaşadı.

Bundan sonra keçirilən 4 mundialın heç birində Braziliya ideal deyildi. 2006-cı ildə qoca heyət maksimumu edib 1/4 finala qədər gəldi. 2010-cu ildə də ssenari dəyişmədi. 1/4 finalda Niderlanda uduzan cənubi amerikalılar vətənə yollanmalı oldular. 2014-cü il doğma meydanda keçirilən mundial isə faciə ilə yadda qalmışdı. Almanlara 1:7 hesablı məğlubiyyət qara ləkə kimi ən çox dünya çempionu olan komandanın tarixinə düşdü.

Dörd il öncə Rusiyada keçirilən mundialda da son “8-liy”ə düşən Braziliya burada Belçika səddinə ilişir və evə yollanmalı olur. 2002-ci ildən sonra keçirilən 4 dünya çempionatı heç birində Braziliya indiki qədər ideal heyətə sahib olmamışdı. Hər mövqedə əla futbolçulara sahib “pentakampeonlar”ın əsas lideri də var. Son dünya çempionluğunda komandanın arxasınca daşıyan Ronaldonun xələfi Neymar bu gün əsl keyfiyyətlərini ortaya qoymağı bacarır. Onun ətrafında toplaşan komanda son qızıl medallarını qazandığı qitədə bu dəfə də kuboku başı üzərinə qaldıra bilər.

Braziliya millisi demək – estetik futbol deməkdir. Təkcə oyunçuların gücünə deyil, onların texniki keyfiyyətlərinə arxalanan, azarkeşlərinə zövq yaşatmağı bilən komanda deməkdir. “Sambaçılar” futbolu yaşamırlar, onlar həm də oynadıqları futboldan zövq almağa çalışırlar. Braziliya millisinin heyətində elə bir futbolçu yoxdur ki, meydanda driblinq etmək, topla rəqsini azarkeşlərə göstərmək istəməsin.

Dünya çempionatı artıq 16 gündür başlayıb və Braziliya millisinin meydana çıxdığı günlər sosial şəbəkələr bir başqa cür bəzənir. Formasında olan çəkiciliyin davamı olaraq oynadıqları futbolla da gözoxşayan braziliyalılar çempion olsa, başqa komandanın azarkeşləri də üzülməyəcək kimi gəlir insana. Baxırsan ki, hər kəs 5 qat dünya çempionlarının futbolda adrenalini ən üst səviyyəyə gətirdiyini təsdiq edir. Cənubi Koreya üzərində qələbədən sonra məşqçidən tutmuş hər kəs “samba” rəqsi ilə göz oxşayırdı. Top üzərində rəqsdən doymayan braziliyalılar qələbəni də rəqslə qeyd edirdilər. Sanki hər şeyi estetik etməyə borcludurlar...

Hətta bununla bağlı bu gün ən çox yazılan zarafat da diqqətimi çəkmişdi. Cənubi Koreyaya qarşı oyunda asiyalılar meydana 4 Kim adlı müdafiəçi ilə çıxmışdı.

Cənubi amerikalıların onları 4:1 hesablı məğlubiyyətə uğratmasına “Braziliya ilə heç Kim bacarmayacaq” deyən yazılan şərh oyunun icmalı idi. Əslində, mundialın da icmalı olar bilər ()qafqazinfo...

Elsevər Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti