Fransanı durdurun...

5 Dekabr 2022 17:20 Dünya çempionatı 438
Fransanı durdurun...

2018-ci ilin dünya çempionu Fransa qrup mərhələsində xüsusi problem yaşamadan keçmişdi.

Üstəlik, Didye Deşamın komandası Avstraliya (4:1) və Danimarka (2:1) üzərində qələbə qazanmaqla pley-offa vəsiqə qazanan ilk komanda olmuşdu.

Tunis millisi ilə ikinci heyətlə minimal hesabla məğlubiyyət də qrupda altı xal toplamaqla birinci pillədə başa vurmağa mane olmadı.

Fransaya rəqib olan Polşa isə əksinə, böyük çətinliklə C qrupunda ikinci yerdən pley-offa çıxmışdı. Çeslav Mixneviçin yetirmələri mundiala Meksika ilə qolsuz bərabərliklə başladı,

Səudiyyə Ərəbistanı üzərində qələbə ilə (2:0) davam etdi, nəhayət, Argentinaya məğlubiyyətlə başa vurdu.

Qrupda ikinci yeri tutmasına baxmayaraq, Polşa parlaq oyun nümayiş etdirmədi - yeganə qələbə səudiyyəlilərin bəxtinin gətirməməsi sayəsində baş verdi. Ümumiyyətlə, Levandovski olmasaydı, Polşa millisi üçün turnir daha tez bitərdi.

ffff1.jpg (118 KB)

Polyaklar Fransa ilə oyunda da əsas hücumları yenə də Levandovskinin üzərindən qurmağa çalışdı. Polyakların pley-off mərhələsində sırf müdafiədə oynamayacağı aydın idi, amma komanda yəqin ki, “ağ-qırmızılar”ın qapıçısı Voyçex Şensnin məharətinə güvənə bilərdi. Polşalıları qapıçısı Qətərdə təkcə möhtəşəm seyvlərin sayına görə lider deyildi, o ardıcıl olaraq əvvəl Səudiyyə Ərəbistanı, sonra isə Messinin penalti zərbələrini dəf etməklə diqqətləri üzərinə cəlb edə bilmişdi. Əgər Fransa ilə oyunda əlavə vaxtda qalib müəyyən edilə bilməsəydi, qapıçı polşalılar üçün “kozır” ola bilərdi.

Səudiyyə Ərəbistanı ilə matçda dünya çempionatında vurduğu ilk qolunu vurmasına baxmayaraq, Fransa ilə oyunda Levandovski özünü komanda oyunundan asılı futbolçu kimi göstərdi. Polşa yığması üçün isə topu Levandovskiyə çatdırmaq asan olmadı. Son dəqiqədə Levandovskinin ikinci cəhdən qapıya vurduğu dəqiq penalti zərbəsi isə yalnız statistiklər üçün əhəmiyyətli ola bilərdi...

33d.jpg (76 KB)

Fransa bu mundialda ən yaxşı oyun göstərən komandadır və istənilən müdafiəni yarmağa qadirdir. İkinci qolu öz cərimə meydançalarında rəqib qapısına cəmi 4 ötürmə ilə vurdular! Fransanın 3:1 qələbəsi oyuna görə idi. Fransa haqda birinci oyunlarından sonra yazmışdım ki, bu komandanı saxlayan olmasa, finala kimi gedəcək. İndi bu daha aşkar görünür...

Seneqalla qarşılaşan İngiltərə yığması qrup mərhələsində inamlı çıxış etdi. Qaret Sautqeytin yetirmələri mundiala İran üzərində 6-2 hesablı qələbə ilə başladı. ABŞ-la heç-heçə edən ingilislər son turda Uelsə 3 cavabsız qol vuraraq pley-offa çıxdı. İngiltərə dünya çempionatında iştirak edən bütün komandalar arasında vurulan və buraxılan qollar arasında ən yaxşı fərqə malik idi - 9:2.

113.jpg (85 KB)

Seneqal yığması tarixdə ikinci dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlmişdi. Bundan əvvəlki - 2002-ci il dünya çempionatında kapitan sarğısı ilə iştirak edən Aliu Sisse indi meydandan kənardadır-amma indi komandaya o rəhbərlik edirdi. Qətərdə onun yetirmələri Niderland millisinə bərabər oyunda 0:2 hesabı ilə uduzdular, daha sonra çempionatın ev sahibini(3:1), sonra isə Ekvadoru(2:1) məğlub edərək 1/8 finala vəsiqəni təmin etdilər.

3edc.jpg (39 KB)

İngiltərə və Seneqal tarixində ilk dəfə bu gecə qarşılaşırdılar. Amma ingilislər seneqalları yaxşı tanıyırlar, çünki Seneqalın heyətindəki 10 oyunçu İngiltərə Premyer Liqasında oynayır.

1qasd.jpg (54 KB)

Oyunun ilk hissəsindən Seneqal Afrika futbolunun ənənəvi probleminin hələ də qaldığını göstərdi. Nədir bu problem? Sürət var, fiziki çəhətdən möhkəmdirlər, atletikdirlər, amma...texnika zəifdir. İlk hissədə ingilislərin qapısına real qol vəziyyətindən yararlanmamaq da, qapılarına buraxılan toplar da ingilislərin ağıllı oyunu ilə yanaşı, Seneqalın taktiki-texniki zəifliyin göstəricisi kimi qiymətləndirilə bilər.

İngilis futbolundan söz düşəndə yarızarafat həmişə deyirəm ki, rəhmətlik Tofiq Bəhramov 1966-cı ildəki mundialın finalda o məlum qərarı verməsəydi, İngiltərə millisi hələ də çempionluğa həsrət idi. Yəni İngiltərə futbolu bu gecə ki, oyunu ilə yenə təsirləndirmədi. Bu oyunla Fransa ilə qarşılaşmada yarımfinala ümid etmək çətin olacaq ...

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"