Türkiyə, İtaliya və Avstriya DÇ-2022-yə gedə bilmədi

25 Mart 2022 01:44 Dünya çempionatı 765
Türkiyə, İtaliya və Avstriya DÇ-2022-yə gedə bilmədi

Türkiyə, İtaliya və Avstriya 2022-ci il dünya çempionatına vəsiqə qazana bilməyib.

Sportinfo.az xəbər verir ki, Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinal oyunlarında Türkiyə Portuqaliyaya, Avstriya isə Uelsə uduzub.

Portu şəhərindəki "Draqau" stadionunda təşkil olunmuş qarşılaşmada ilk iki qolu birinci hissədə Portuqaliya millisinin futbolçuları Otavio və Dioqu Jota vurub.

65-ci dəqiqədə Türkiyə millisinin kapitanı Burak Yılmaz fərqi azaldıb. Lakin o, 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.

Almaniyalı referi VAR sisteminə müraciət etdikdən sonra 11 metrlik cərimə zərbəsi təyin etsə də, təcrübəli hücumçu topu qapıdan kənara vurub. Matçda son nöqtəni isə meydan sahiblərinin futbolçusu Mateus Nunes 90+4-cü dəqiqədə qoyub.

Portuqaliyanın finalda rəqibi İtaliyaya qalib gələrək, sensasiyaya imza atan Şimali Makedoniya olacaq. Bu görüşdə yeganə qolu 90+2-ci dəqiqədə Aleksandar Traykovski vurub.

Uels yığmasının lideri Qaret Beyl isə 25-ci və 51-ci dəqiqələrdə dubl edərək, komandasını finala daşıyıb.

Onun komanda yoldaşı Ben Devis avtoqol müəllifi olsa da, qələbə yenə britaniyalıların olub. Uels finalda iyuna təxirə salınmış Şotlandiya - Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.

24 mart
A yolu
23:45. Uels - Avstriya - 2:1

Qollar: Beyl, 25 (1:0), 51 (2:0), Davies, 64-avtoqol (2:1)

B yolu
23:45. İsveç - Çexiya - 0:0 (Əlavə vaxt)

C yolu
23:45. İtaliya - Şimali Makedoniya - 0:1

Qol: Traykovski, 90+2

23:45. Portuqaliya - Türkiyə - 3:1

Qollar: Otavio, 15 (1:0), Jota, 42 (2:0), Burak Yılmaz, 65 (2:1), Luiz, 90+4
Reallaşdırılmayan penalti: Burak Yılmaz, 85 (Türkiyə)

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"