Təxminən 10 ildir cüdo ilə məşğul olan yeniyetmənin yarış zamanı hüquqlarının pozulduğu iddia edilir.
Sportinfo.az xəbər verir ki, bu barədə yeniyetmənin anası Səyyarə Elxan sosial şəbəkədə hesabında paylaşım edib.
O bildirib ki, oğlu yarış zamanı hakimlər tərəfindən ədalətsizliyə məruz qalıb.
Onun sözlərinə görə, oğlunun etdiyi hərəkət “ippon” olduğu halda, hakim qərarı düzgün qiymətləndirməyib:
"O qədər də başım çıxmır, amma özü deyir, müəllim və bilən adamdan da soruşmuşam, "ippon"dur. Sonra da ayağa qalxıb, ağzı zədələnib qan axdığı halda mate verilməyib".
Valideynin sözlərinə görə, bu, rəqibin federasiyaya bağlı olması ilə əlaqədardır: "Oğlumu "udub" və başqasına uduzub. Uşaq cüdo yarışlarına getdiyi vaxtdan dəfələrlə gəlib "haqqımı yedilər" deyib.
Mən fikir vermədiyim üçün çox peşmanam. Oğlum 10 ilə yaxındır cüdo ilə məşğul olur və bu, onun sevgisidir. İsti, soyuq demədən məşqlərə gedib, hətta hazırlıqları bunun üçün ləğv etmək məcburiyyətində qalmışam.
Bu yeniyetmənin sevgisini, həvəsini əlindən aldılar. Artıq nə məşq etmək, nə də yarışlara getmək istəyir".

