Azərbaycan sərbəst güləşçisi Ali Tsokayev (92 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş reytinq turnirində böyük enerji və güc sərf edib.
Sportinfo.az xəbər verir ki, 23 yaşlı idmançı bu barədə "report"a açıqlama verib.
O, ardıcıl üçüncü turnirdə çempion olduğu üçün çox sevindiyini bildirib:
"Çox sevinirəm ki, bu il ardıcıl 3-cü yarışda çempion oldum. Buna qədər U-23 və böyüklər arasında Avropa çempionu olmuşdum. Bu dəfə karyeramda ilk reytinq turniri qızılını əldə etdim.
Ancaq bu, heç də asan başa gəlmədi. Bunun üçün böyük enerji və güc sərf etməli oldum. Bu da gözlənilən idi. Çünki böyüklər arasında rəqabət başqa səviyyədir".
A.Tsokayev qarşıdakı planlarından bəhs edib:
"Sözsüz ki, gələcəkdə olimpiya çəkisinə keçmək planım var. Ancaq hazırda çəkim o qədər də çox deyil. Çəkim artsa, növbəti ildən 97 kq-da güləşmək haqqında fikirləşirəm".
Ali Tsokayev amerikalı Dastin Plot (8:6), bəhreynli Maqomed Şaripov (2:0) və türkiyəli Fatih Altunbaşa (11:0) qalib gələrək finala vəsiqə qazanıb.
Ukraynalı Muxammed Aliyev zədələndiyi üçün həlledici qarşılaşma baş tutmayıb və A.Tsokayev karyerasında ilk dəfə reytinq turnirinin qalibi olub.

