Polşa çempionu üçün Çempionlar Liqasının seçmə mərhələsində əlverişli vəziyyət formalaşıb.
“Lex” Poznanın bu mövsüm çempion olacağı halda, Avropanın ən nüfuzlu klub turnirinə gedən yolunun xeyli asan ola biləcəyi bildirilir.
QOL.az xəbər verir ki, bu barədə Polşanın “Przeglad Sportowy” nəşrinin məqaləsində məlumat verilir.
Nəşr UEFA reytinqi üzrə ixtisaslaşmış mütəxəssis Pyort Kilmə istinadən yazır ki, Azərbaycanda “Sabah” çempion olacağı halda “Lex” 2026/27 mövsümü Çempionlar Liqasının 2 və ya 3-cü təsnifat mərhələsinin səpələnmişlər səbətində yer ala bilər.
Yazıda bildirilir:
“Lex Poznan” azarkeşləri komandaları bu mövsüm Ekstraklasa çempionu olacağı təqdirdə sevinclərindən göyə uça bilərlər.
UEFA klub reytinqi üzrə ixtisaslaşmış ekspertlərin fikrincə, Poznan təmsilçisi son on ildə belə əlverişli püşkatma ilə qarşılaşmayıb.
Böyük ehtimalla, “Lex” çempion olarsa, UEFA Çempionlar Liqası təsnifatının ikinci və üçüncü mərhələlərində səpələnmişlər səbətində yer alacaq.
Bütün bunlar digər Avropa liqalarında gözlənilməz nəticələrin formalaşması ilə bağlıdır. Belə ki, Azərbaycanın “Sabah” komandası 25 turdan sonra “Qarabağ”ı 10 xal qabaqlayaraq inamla çempionluğa doğru irəliləyir.
Hamımız xatırlayırıq ki, Azərbaycanın son çempionu Polşa klublarına kifayət qədər problemlər yaşadıb.
“Lex” azarkeşləri hegemonlardan birinin devriləcəyinə ümid edirlər (“Sabah” buna yaxındır, alternativ variantlar kimi isə Slovakiya, Macarıstan, Ukrayna və Danimarka göstərilir)”.


