Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Ayntraxt” Azərbaycan səfərinə hazırlaşır.
Almaniya təmsilçisi ölkəmizə matçdan bir gün əvvəl – yanvarın 20-si axşam saat 10 radələrində təşrif buyuracaq.
Baş məşqçi Dino Topmöller Bakıda mətbuat konfransına və oyunöncəsi məşqə ehtiyac duymadığından, qonaqlar qarşılaşmadan bir gün əvvəl oteldə məskunlaşıb, ertəsi oyuna çıxacaq.
Bundesliqanın son bürünc mükafatçısı paytaxtımızın dəbdəbəli otellərindən sayılan “Absheron Marriott”u seçib.
Məlumat üçün bildirək ki, matç günü stadionda almaniyalı azarkeşlər yer almayacaq. Buna səbəb “Ayntraxt” fanatlarına qoyulan arenaya giriş sanksiyasıdır.
Əvəzində, Almaniyadan çox sayda həmkarımız görüşü işıqlandırmaq üçün ölkəmizə təşrif buyuracaq. Klubun media qrupu və Almaniya mətbuatında çalışan jurnalistlərin ümumi sayı təxminən 25 nəfər olacaq.
Yanvarın 21-də Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Frankfurt” qarşılaşması saat 21:45-də baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ

