Premyer Liqanın 22-ci turunda gerçəkləşən drammatik qarşılaşmada “Qarabağ”la 3:3 hesablı bərabərə qalan ”Sabah” ölkə kubokunda yarımfinal arzusundadır.
Rəqib isə “Sabah”dakılar üçün arzuolunmaz rəqib sayılan “Qəbələ”dir.
Komandalar arasında cari Premyer Liqa mövsümündə baş tutan iki oyunun hər birində “tələbələr” çətin qələbəyə sevinib ki, həm Masazırda, həm də Qəbələdə 1:0 hesabı qeydə alınıb.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk duelində “Sabah” özünə doğma olan “Bank Respublika Arena”da bölgə təmsilçisinin müqavimətini qıra bilməmişdi – 0:0.
İndi isə cavab oyununun, başqa cür desək, yarımfinalçının adına aydınlıq gətirməyin vaxtıdır.
“Qəbələ”nin əsas fiqurlarından biri - Konqo Respublikasından olan hücumçu Domi Massumo Sportinfo.az-a açıqlamasında bildrib ki, hakimin final fitinin yekununda komandasının 4 xoşbəxtin arasında olacağına inanır:
“Rəqibin adı bizim üçün önəm daşımır. Məqsədimiz öz oyunumuza diqqət yetirmək və meydanı qələbə ilə tərk etməkdir.
Çempionat oyunları başqadır, kubok başqa. Premyer Liqadakı son nəticələr uğursuz ola bilər. Lakin kubokda vəziyyətimiz yaxşıdır.
Səfərdən heç-heçə ilə qayıtmağımız bizə əlavə güc və motivasiya verir. Yarımfinala yüksəlmək üçün əlimizdən gələni edəcəyik.
Önəmli olan layiqincə mübarizə aparmaqdır. Nəticə barədə bir söz deyə bilmərəm. Mərhələni keçəcəyimizə inanıram”.
Martın 5-də Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 14:30-da start götürəcək.
HƏBİB

