AFFA-nın qazanc yeri və ya futbolçuların ən böyük düşməni

30 Yanvar 03:00 Problem 990
AFFA-nın qazanc yeri və ya futbolçuların ən böyük düşməni

Bu gün bir sıra dünya ölkələrində futbol meydançalarında süni ot örtüklərindən çox istifadə olunur.

Halbuki bu örtüklər futbolçuların birbaşa fiziki durumuna mənfi təsir edir.

Bir sıra zədələrə yol açan belə meydançalar Azərbaycanda da xeyli saydadır. Əlbəttə, bunun səbəbləri əsasən maliyyə ilə bağlıdır.

Süni meydançalara qulluq etmək təbii örtüyə nisbətən çox asandır və elə də böyük xərc tələb etmir. Amma bu asanlığın bədəlini futbolçular, əsasən də orada məşq keçən azyaşlı uşaqlar ödəyir.

Belə meydançalar uşaqlarda hətta xroniki zədələr yaranmasına səbəb ola bilir.

Bu gün Azərbaycanda da süni örtüklü meydançaların sayı həddindən artıqdır. AFFA ölkədə təbii meydançaların artmasına yardım etməkdənsə, hansısa ölkələrdən sintetik örtüklər alıb meydançalara döşəməklə futbolumuz üçün nə qədər zərərli iş gördüyünü anlamır. Hər halda süni meydançalar müxtəlif keyfiyyətdə olur və qiymətləri də buna görə dəyişir. AFFA-nın alıb ölkəyə doldurduğu süni örtüklərin keyfiyətinin şübhəli olması bir kənara, bir çox meydançalara baxanda, adamın ürəyi ağrıyır. Təsəvvür edin, ölkədə meydançasında həddindən artıq köhnəlmiş, cırılmış örtüklər qalan, hələ də dəyişdirilməyən nə qədər qurğu var. Belə meydançalarda futbolumuzun inkişafından nə dərəcədə danışmaq düzgündür?

Qaynarinfo Türkiyəli professor Mustafa Öztürkün süni meydançaların zərərləri haqqındakı məqaləsini müəyyən ixtisarlarla təqdim edir. İşdi-şayətdi, AFFA rəhbərliyi bu yazını oxuyarsa, ölkəyə doldurduğu süni meydançaların futbolçularımızın inkişafına hansı mənfi təsirlər göstərdiyini anlasın.

Professor yazır ki, hər il təxminən üç milyard köhnəlmiş təkər atılır. Buna ən böyük töhfə verənlər müvafiq olaraq ildə təxminən 300 və 260 milyon istehsal edən ABŞ və Avropadan gəlir. Avropada hər il üç milyon tondan çox ELT (istifadə müddəti bitmiş təkərlər) kənara atılır. Ümumiyyətlə yollarda təkərlərin aşınması nəticəsində ildə təxminən altı milyard kiloqram plastik tullantı yaranır. ABŞ, Böyük Britaniya, Norveç kimi ölkələrdə süni örtüklü meydançalarda doldurma kimi istifadə üçün hər il 400 min ton plastik təkrar emal edilir. Qlobal süni ot bazarı üçün hesablamalara əsasən, 2021-ci ildə gəlirlər 8,1 milyard dollar təşkil edib. Ancaq bu rəqəmlərin yüksələcəyi və 2027-ci ilə qədər 12 milyard dollardan çox olacağı gözlənilir. Orta rezin əsaslı süni futbol meydançasının səthindən məlum vasitələrlə ildə orta hesabla təxminən 950 kiloqram (minimum 570, maksimum 2 min 280 kiloqram) doldurucu yığılır.

Havanın temperaturunun 38 dərəcə, yaxud daha yüksək olduğu saatlarda sintetik otların və digər süni materialların temperaturu 80 dərəcəyə qədər yüksəlir. Sebastian Pfautşunun araşdırmasından sonra belə nəticəyə gəlinib ki, sintetik örtüklü uşaq meydançalarında havanın temperaturunun 30 dərəcədən aşağı olmasına baxmayaraq, istilik 80 dərəcəni keçə bilir. Süni ot, qapısı açıq təndirin qarşısında gəzməyə bənzəyir. Hansı ki, yay aylarında 38 dərəcədən yüksək olan orta temperatur zamanı insan bədənində iki dərəcə yanıqlar yaranır. İsti və günəşli günlərdə avtomobil təkərlərindən istehsal olunan süni otun temperaturu 65 və daha yuxarı dərəcəyə qədər yüksəlir. Unutmaq olmaz ki, süni ot asfaltdan qat-qat istidir. Qlobal istiləşmənin təsiri ilə temperaturların davamlı şəkildə aratacağı gözlənilir. Belə olan halda yüksək temperatur süni örtüyü ictimai sağlamlıq riskinə çevirəcək. Süni meydança təbii otdan daha çox radiasiya udduğu üçün tez qızır. Günəşli günlərdə süni örtük təbii otdan ən azı 20 dərəcə isti olur. Günəş altında təbii və süni ot arasındakı temperatur fərqi - 33-65,6 dərəcə nisbətindədir. "Murray Bridge” bölgəsində havanın temperaturunun 35 dərəcə olduğu günəşli bir gündə aparılan araşdırma zamanı süni ot örtüyündə istiliyin 65,6, təbii meydançada isə 33 dərəcə olduğu bildirilib. Süni ot istixana effektinə malik olduğu üçün ətraf mühiti normadan artıq qızdırır və bölgədə mikro istilik adası yaradır. Belə örtük azyaşlı uşaqlarda ikinci və ya üçüncü dərəcəli yanıqlara səbəb olur. Bu cür meydançalar idmançıların sağlamlığına mənfi təsir göstərir. Hətta heyvanlar da bundan ziyan çəkir. Məsələn, bədəninin demək olar ki, hər yerindən tərləyə bilən insanlardan fərqli, itlər yalnız pəncələrindən tərləyə bilər. Bu səbəbdən itlərin ayaqları süni otun üzərinə çıxanda yanır.

Süni ot örtüyü şəhərlərin istilik adası təsirini daha da gücləndirir. Sağlam həyat yaşamaq istəyən gənclər süni meydançalarda idman etməməlidirlər. Bu istilik stresinə və xəsarətlərinə səbəb olur. Süni ot ən isti səth materiallarından biridir, asfaltdan daha istidir. "UCLA Luskin İnnovasiya Mərkəzi”ndə "Thermal Equity”nin direktor müavini Kelly Turnerin sözlərinə görə, rezin əsaslı süni örtük istiliyi saxlayır və onu yavaş-yavaş geri yaymaqla daha uzun müddət isti qalır.

Beynəlxalq Toksikologiya Proqramı çərçivəsində aparılan araşdırmalar göstərir ki, yüksək istilik təkrar emal edilmiş təkərlərdən hazırlanmış sintetik çəmənliyin qırıntı rezin bazasından kimyəvi maddələrin yayulmasına səbəb ola bilər. Bu sızan kimyəvi maddələrin insanlarda hüceyrə ölümünə səbəb olur. Başqa bir araşdırmaya görə, plastik fabriklər qeyri-müəyyən müddətə PFAS adlı kimyəvi maddələri torpağa və yaxınlıqdakı bataqlıq ərazilərə, yaxud suya buraxır. PFAS kimi tanınan zəhərlər sonsuz kimyəvi maddələrlə istehsal olunur. Süni ot örtüyü xərçəngdən immunitetin zəifləməsinə və reproduktiv problemlərə qədər sağlamlığa bir çox mənfi təsirləri olan PFAS kimi tanınan sonsuz zəhərli kimyəvi maddələrdən hazırlanır.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin Milli Sağlamlıq və Qidalanma Müayinə Sorğusunun (NHANES) məlumatlarından istifadə edərək hazırlanan hesabata görə, amerikalıların 97 faizinin qanında PFAS aşkar edilib. Bu zəhərli maddələr torpağa, havaya və ya suya parçalanmadan (deqradasiyaya uğramadan) daxil ola bilər. Dözümlü olduqları üçün insan və heyvanların qanında, qida məhsullarında, hətta yağış sularında aşkarlanıb. Süni otda tapılan per və poliftoralkil maddələri (PFAS) meydançalardan yuyula, içməli suyunuza daxil ola bilər və PFAS ilə çirklənmiş suyu təmizləmək üçün çox milyon dollarlıq filtrasiya qurğuları tələb edəcəkdir. Çoxsaylı tədqiqatlar göstərir ki, süni otun tərkibindəki kimyəvi maddələr, o cümlədən polisiklik aromatik karbohidrogenlər (PAH), perfluoroalkil, poliftoralkil, ftalatlar və per-poliftoralkil maddələr (PFAS) məlum kanserogenlər, neyrotoksikantlar, mutagenlər və endokrin pozuculardır. Bütün süni örtüklər zəhərli PFAS birləşmələri ilə istehsal olunur və bəziləri hələ də sağlamlığa təhlükə yarada bilən ağır metallar, benzol, VOC və tərkibində digər kanserogen maddələr olan rezinlə istehsal edilir. Sintetik çəmən tez-tez məlum kanserogen olan və hormonlara, reproduksiyaya, toxunulmazlığa müdaxilə edə bilən və uşaqlarda inkişaf gecikməsinə səbəb olan kimyəvi maddələrlə zəngindir. Süni ot təbii yaşayış yerlərini məhv edir. İstehsal və daşınma zamanı karbon emissiyalarına töhfə versə də, əsl ot atmosferdən CO2-ni udur. Həmçinin süni otlar üzərinə düşən yağışın 50 faizindən azını udur, bu da su basmasına səbəb olur. Zaman keçdikcə plastiklər mikroplastiklərə parçalanır, sonda meydançanın drenajına düşür, çaylara və dənizə axıdılır, su yollarını çirkləndirir. Onlar bioloji şəkildə parçalana və ya təkrar emala məruz qala bilmədikləri üçün istifadə müddətinin sonunda (adətən təxminən 15 ilə qədər) zibilxanalara atılırlar və burada ətrafı çirkləndirməyə davam edirlər.

Bildirilir ki, yay aylarında süni otun həddən artıq qızması heyvan və həşəratların torpağa daxil olmasına mane olur, daşqın riskini artırır. Yağış sularının tərkibindən götürülən bir nümunədə 70 minə qədər rezin qırıntılarının və 50 mindən çox sintetik ot hissəciklərinin olduğu aşkarlanıb.

"Griffith Universitetinin Avstraliya Çayları İnstitutu”ndan Dr. Şima Ziajahrominin açıqlamasına görə, kauçuk qırıntısı xüsusi ekoloji narahatlıq doğurur. Çünki o, günəş işığına məruz qaldıqda pisləşir və təkər istehsalı zamanı rezinin tərkibində minlərlə başqa kimyəvi maddəni ehtiva edir.

Hesablamaya görə, tipik bir sintetik futbol meydançası təxminən 22 min şinin tərkibndəki qədər, ən azı 100 ton rezin qırıntısı tələb edir. Məsələn, beysbol komandası "Philadelphia Phillies”in altı keçmiş oyunçusunun eyni xərçəngdən ölməsindən sonra klubun əvvəlki süni örtüklü staionunda araşdırmalar aparılıb və təhlükəli kimyəvi maddələr, həmçinin PFAS aşkarlandığı açıqlanıb. 1971-2003-cü illər arasında Vetsdə oynayan "Philadelphia Phillies”in oyunçularında beyin xərçəngi nisbətinin yetkin kişilərlə müqayisədə orta nisbətdən təxminən üç dəfə çox olduğu bildirilib. Avropa İttifaqı istismar müddətini başa vurmuş rezindən hazırlanmış sintetik meydançaların istifadəsinə qadağa qoyub. Həmçinin ABŞ-nin Kaliforniya ştatında əbədi kimyəvi maddələr kimi tanınan, tərkibində PFAS olan maddələrdən ibarət süni ot örtüyünün istifadəsinə qadağalar qoyulub. Niderland futbolçular üçün xərçəng riski səbəbiylə sintetik meydançalardan istifadəyə qadağa qoyub. Boston şəhəri ətraf mühit və sağlamlıq problemlərini əsas gətirərək gələcəkdə şəhər parklarında süni örtüklərin quraşdırılmasını qadağan edən ABŞ-ın ən böyük bələdiyyəsinə çevrilib. Ümumiyyətlə ABŞ-da 12-15 min süni örtüklü idman meydançası var. Bunlara hər il təxminən 1200 yeni meydança əlavə olunur.

Son illərdə süni ot istehsalçıları istifadə olunan təkər qırıntılarını göbələk və işlənmiş ağac yonqarları kimi üzvi doldurma materiallarından istifadə etməyə başlayıb. Mütəxəssislərin fikrincə, bu kimyəvi maddələr insan orqanizminə su mənbələrinin, xüsusən də yeraltı su ehtiyatlarının sızması zamanı çirklənə bilən hissəciklərin dəri ilə təması və tənəffüs yolu vasitəsilə daxil ola bilir. Ot bıçaqlarının və rezinin qırıntılarından ibarət olan mikroplastiklər yeraltı sulara, həmçinin şirin su ehtiyatlarına da sıza bilər.

Ən yaxşı süni ot örtüyünün ömrü 15-20, futbol meydançalarında isə 8-10 ildir. Hazırda, ömrünü başa vurmuş süni ot örtüyü tullantılarının dağları inkişaf etmiş ölkələrdə problemə çevrilməyə başlayır. Çünki belə meydançaların sökülməsi, yığılması, daşınması və utilizasiyası əhəmiyyətli xərclər tələb edir.

Digər Xəbərlər
Xəbər Lenti