21 əsgəri xilas edən şəhid Əsəd Əsədlinin evindən VİDEOREPORTAJ

1 Dekabr 2020 22:10 Bizimkilər 584
21 əsgəri xilas edən şəhid Əsəd Əsədlinin evindən VİDEOREPORTAJ

"Səhər sübh namazından sonra ani gözümə yuxu getdi. Gördüm evin qapısı açıldı.

Oğlum o qədər gözəllikdə, uca boyda, nur üzlə gəlmişdi ki... Deyirəm, Əsəd, anan qurban, gəlmisən? Deyir hə, amma atama demə.

Gəlib otağımızın qapısını öpdü. Dedi "Ana, neçə vaxtdı o qədər əziyyət çəkirik ki, şəhid olub indi haqqın dərgahına çatdım və rahatlandım".

Bu yuxunu 44 günlük Vətən müharibəsinin şəhid qəhrəmanlarından olan 25 yaşlı Əsəd Əsədlinin anası Səidə Abbasova gözləri dola-dola bizimlə söhbətində danışır.

Əsəd ailə üzvlərinin çoxusunun yuxusuna girib, təkcə atasından başqa. Şəhidlik məqamına yüksəldiyini isə dayısı qızı Nuraya yuxusunda deyib.

Səidə ananın yuxusunda şahid olduğu oğlunun gülüşü isə gözünün qabağından getmir. Şəhid anası qapılarının açılaraq oğlunun həmin gülüşlə yenə evlərinə daxil olacağını gözləyir.

Sportinfo.az xəbər verir ki, "qafqazinfo" nun əməkdaşları bu dəfə müharibəyə könüllü kəşfiyyatçı qismində yollanan Ə. Əsədlinin ailəsiylə görüşüb.

S. Abbasova bildirir ki, sonuncu dəfə noyabrın 7-də oğluyla danışıb. Məlum yuxunu isə anası noyabrın 9-da səhər saatlarında görüb:

"Heç düşünmədim ki oğlum şəhid olar. Dedim bu gün yəqin ondan zəng gələcək. Noyabrın 14-də mənim ad günüm idi. Həmin gün oğlumun zəngini çox gözlədim. Ölənə qədər qulağımda oğlumun son zəngindəki yuxulu səsi qalacaq. Oğluma görə çox istəyirəm ki, yanına gedəm, ancaq digər övladıma görə də yaşamaq istəyirəm. İki yol ayrıcındayam, bilmirəm hansını seçim.

Əsəd çox xeyirxah, vətənpərvər bir uşaq idi. Övladım haqqında danışmaq çox ağırdır. Savadlı idi, orta məktəbi əlaçı kimi bitirib. Müəllimlərinin sevimlisi idi. Onunla mənim məhəbbətim ana- övlad məhəbbəti deyildi, bir başqa sevgi idi. Ona görə Allah onu məndən çox tez aldı. Məni həmişə ucalardan uca yaşadacağını söyləyirdi. Mən onun evdən gedişini hiss elədim, dedim ki bu gediş normal gediş deyil. İstəyərdim ki, bundan da gözəl sözləri oğlumun toy mərasimində deyəm".

Atası Mahir Əsədovun qəlbində də bir inam var ki oğlu nə vaxtsa qapını açıb gələcək: "Buna baxmayaraq yoldaşımı və oğlumu güclü olmağa çağırıram. Onun ruhu bizim başımızın üstündədir. İstəyirəm ki, Əsədin 40 mərasimi çıxandan sonra balaca qardaşı Səmədi sevib seçdiyi xanımla evləndirim. Onların övladları dünyaya gəlsin, adını Əsəd qoyaq. Biz qalib dövlətik, cəsur millətik. Əsəd həmişə istəyirdi ki, ailəmiz yaxşı yaşasın".

M. Əsədov oğlunun cəbhəyə yollanmasından da söhbət açıb :"Bilirsiniz ki, Tovuz hadisələrində ermənilər atəşkəsi pozdu, generalımız şəhid oldu. O zaman bizdən xəbərsiz könüllü olaraq gedib yazılıb. 29 sentyabrda da Səfərbərlik Xidmətindən zəng edib müharibəyə çağırdılar. Gəlib hamımızla sağollaşıb getdi. Açığı dilə tutmaq istədik ki, getməsin, anası onkoloji xəstədir. Ancaq bütün hər şeyə rəğmən qərarını vermişdi. Şəmkirdə könüllülərdən ibarət dəstə yaratdılar. Təlimlər keçirdilər.

Noyabrın 2-də zəng edib ad günümü təbrik etdi. O, hər şey üçün çox tələsirdi. Arzuları çox idi. Ailə qurmaq istəyi də var idi. Deyəsən istədiyi xanım da olub. Son döyüşü Xocavənd rayonu istiqamətində yüksəklikdə olub. Axıra qədər döyüşüb yaralanaraq şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib. Təsəllimiz o oldu ki, qələbə qazanmışıq. 21 yaralı əsgərin mühasirədən çıxarılmasında igidlik göstərib. Göstərdiyi qəhrəmanlığa görə dövlətimizdən ona ad verilməsini istəyirik".

Əsədin müharibədə göstərdiyi qəhrəmanlıqlar isə bunlarla bitmir. Onunla döyüşmüş qazi yoldaşları bu haqda ailə üzvlərinə danışıblar.

Şəhidin qardaşı Səməd Əsədli bildirir ki, Əsəd Naxçıvanda xidmət edib və xidmətdə iki dəfə tərifnamə alıb: "Qazi yoldaşları deyir ki, 17 gün döyüşdükdən əsgərlər komandirdən bircə günlük icazə alıb istirahət etmək istəyiblər. Ancaq təkcə Əsəd istirahətə getməyəcəyini söyləyib. Nə qədər desələr irəli gedəcəyini söyləyib.

Bir qazi yoldaşı da deyir ki, iki yoldaş snayperə tuş gəliblər. Əsəd əvvəl deyib ki o keçsin arxanca özü gəlsin. Sonra deyib ki yox dayan, keçərsən birdən səni vurarlar. Qoy arxanca gəlim, sən birinci keç. Sonra nə o, nə də yoldaşı keçəsi olublar. İkisi də qol qola girib sağ sol yayına-yayına qaçıblar. Bu minvalla snayper gülləsi də torpaqdan dəyib. Bir döyüşdə silah- sursatları bitib. Əsəd keçib ermənilərin silah-sursatını götürüb onların silahıyla vuruşub. Erməninin bir tankını partladıb. Döyüşlərdə hərtərəfli şücaət göstərib. 20 nəfər çöldə soyuqdan donmuş vəziyyətdə qalıb. Yorğan-döşəkləri də məntəqədə imiş. Heç kim yorğan-döşəkləri çıxarmağa ürək etməyib. Əsəd gedib gətirib, axırda öz puşlatını da çıxarıb dostuna verib. Deyib ki, o üşüyən deyil. Əslində isə mənim qardaşım çox üşüyəndi. Siqaret tapıb blok-blok gətirib hamıya paylayardı. Axırda özü döyüş yoldaşı Vəlizadə Hüseyndən siqaret istəyərmiş. Könüllü olaraq da ən orta ağır hissədə döyüşməyi seçib. Son günə qədər döyüşüb. O döyüşdə elə bir şeylər edib ki, fəxrimizə çevrilib. Düzdür, həsrəti adamı yandırıb yaxır. Zəng vurammırsan, səsini eşidə bilmirsən. Ancaq şəhadət elə məqamdır ki, onun varlığını daim hiss edirəm".

Hazırda cəbhədə olan zabit dayısının həyat yoldaşı Aynur Abbasova da Əsədin əbədi dünyanın qəhrəmanı olduğunu diqqətə çatdırıb: "Ancaq Əsəd qayıtsaydı, elə bu dünyamızın da qəhrəmanı olacaqdı. Çünki o həmişə bizim qəhrəmanımız olub".

Günel Türksoy
Video, foto Pərvin Zeynal

Digər Xəbərlər
Xəbər Lenti