Çexiyada top qovan həmyerlimiz Fərid Nəbiyevin işləri pis getməsə də, “Viktoriya”nın çempionatdakı durumu yaxşı deyil.
Aşağı dəstədə mübarizə aparan Jijkov təmsilçisi çempionatın ilk yarısından sonra 10 xalla 16 komanda arasında sonuncu pillədə qərarlaşıb. Bütün oyunların iştirakçısı olan azərbaycanlı futbolçu 2 qola imzasını yazdırıb.
Fərid yanvardan bu yana baş tutan hazırlıq matçlarında da dayanmaq bilmir. 2022-ci ildə meydana çıxdığı 5 oyunda 6 qol vurub.
“Qəbələ”nin akademiyasının yetirməsi olan Nəbiyevin bacarığından çox şey gözlənilir. Artıq 4-cü ildir Çexiyada top dalınca qaçır və kifayət qədər təcrübə yığıb.
Halbuki, yayda 23 yaşı tamam olacaq futbolçunun yeri Çexiyanın aşağı dəstəsi yox, elə həmin ölkənin yüksək liqasıdır. Və ya, Avropanın başqa bir ölkəsinin elitasında mübarizə apara bilər.
Fəridin agenti Vaqif Heydərli də mövcud durumdan razı deyil. Tanınmış menecer Sportinfo.az-a açıqlamasında müştərisinin yayda iş yerini dəyişə biləcəyinə işarə vurub:
“Fəridin “Viktoriya Jijkov”la müqaviləsi yayda başa çatır. Əlbəttə, özümüz də daha güclü komandada və liqada oynamasının tərəfdarıyıq.
Açığı, bu məsələ ilə məşğulam. Nəbiyevin xidmətində maraqlı olan klublar var. Onlarla ilkin danışıqlarımız olub. İnşallah, yayda sərfəli variantlardan birini dəyərləndirəcəyik”.
Olmaya, Azərbaycana qayıdacaq? Çünki hər dəfə fasilə dönəmində Fəridin adı yerli klublarla yanaşı hallanır.
Heydərli bu barədə ümumiyyətlə düşünmədiklərini də sözlərinə əlavə edib.
Fərid Nəbiyev 2017-ci ilin yayında “Qəbələ”dən “Slaviya B”yə keçmiş, 2020-nin yayında “Viktoriya Jijkov”la 2 illik müqavilə bağlamışdı.
HƏBİB

