Qış fasiləsində "Keşlə"dən ayrılan futbolçulardan biri də Nicat Qurbanov oldu.
Ötən ilin qışında gürcüstandakı legioner həyatını başa vurub paytaxt klubuna gələn futbolçunun vətəndə işləri heç də uğurlu alınmadı.
İlk vaxtlar oynamaq şansı qazanan, hətta qol hesabını da açan yarımüdafiəçi sonradan kölgəyə çəkildi.
Hətta bir müddət əvəzedici komandaya belə göndərildi. Bəs bundan sonra Qurbanov neyləmək fikrindədir? Karyerası ilə bağlı hər hansı yenilik varmı?
29 yaşlı hücumçu Sportinfo.az-a açıqlamasında suallarımıza cavab olaraq bunları dedi:
"Karyeramla bağlı sakitçilik davam edir. Hələki yenilik yoxdur. Gürcüstana getmək variantım vardı. O da ehtimal olaraq qaldı. Açığı, yaya kimi necə olacağını hələ özüm də bilmirəm".
Təbii ki, klubsuz qalmaq hər keçən gün Nicatın ziyanına işləyir. Ən azından formada qalmaq üçün yerli klublardan birinə xahiş edib, məşqlərinə qoşulmaq olmazmı?
Qurbanovu dinləyək: "İndiki vəziyyətdə, ancaq fərdi məşqlərlə kifayətlənirəm. O vaxt "Samtrediya"ya getməmişdən qabaq "Sumqayıt"a müraciət etmişdim. Ayxan müəllim sağ olsun məşq edib, formada qalmağıma icazə vermişdi. İndi elə bir adam yoxdur ki, müraciət edim məşq etməyimə icazə versin".
Nicat karyerası ərzində “Simurq”, “Neftçi”, AZAL, “Zirə”, “Kəpəz”, “Sumqayıt” və son olaraq Gürcüstanın “Samtrediya” klubunda çıxış edib.
XANOĞLAN

