AFFA üçün "II Yekaterina nümunəsi"

8 Noyabr 2019 19:50 Azərbaycan Futbolu 704
AFFA üçün "II Yekaterina nümunəsi"

Deyə bilərsiz ki, futbolla II Yekatirinanın nə əlaqəsi? 18-ci əsrdə axı, indiki anlamda futbol yox idi.

Sizi pərişan edərək deməliyəm ki, futbol tək 22 nəfər və topdan ibarət deyil. O cümlədən, bizim "futbol dühalarımız"ın gördüyü kimi transferdən pul "tutmaq", oyuncaq sayt-yazar və fanklublar saxlamaq, "Topaz" oynamaq da heç deyil. Bəs nədir?

Bəli, əziz dostlar, müasir futbol böyük bir idarəetmə sahəsidir, hansı ki onun birbaşa bu sahəylə əlaqəsi olmasa da, onu da əhatə edən onlarla çaları, istiqaməti var. AFFA başbilənlərinin dediyinə görə, hansısa ölkədə, hansısa ciddi təhsil müəssisəsində hansısa idarəetmə ixtisasına çox yüksək dərəcədə yiyələniblər. Gördükləri işlər kimi, bu məsələlər də çox naməlumdur.

Bəs, bu adamlar II Yekatirinadan nə nümunə götürə bilərlər? Axı II Yekatirina bu tərəflərdə xoş olmayan xasiyyətləri, məişət pozğunluğu və digər əlaqədar məziyyətləri ilə məşhurdur. Sözsuz ki, bu sahədə nümunə bizimkilərə lazım deyil. II Yekatirina şəxsiyyətinin ciddi mühitlərdə tanınan məziyyəti onun məhz idarəetmə, xüsusi ilə də dövlət büdcəsinin, maliyyəsinin idarə olunmasındakı yüksək peşəkarlığıdır. Bu sahədə olmuş bir hadisəni oxucularımızın diqqətinə çatdırsaq, onlar özləri məsələdən agah olacaqlar.

Deyilənə görə, Rusiyada çar hakimiyyətinin idarəetmə qurumlarını bir-bir gəzərək vəziyyətlə yerindəcə tanış olan imperatriça bir gün büdcədən maliyyələşən bir dövlət elmi-tədqiqat institutuna (səhv etmirəmsə, astronomiya sahəsində) baş çəkir. Vəzir-əyanları ilə institutu gəzən Yenkatirina geridə qalmış rus elmi üçün gözlənilməz halla rastlaşır.

Belə ki, rus elmi-tədqiqat institutu deyilən sahədə Avropada, həmçinin o zaman üçün dünyada sayılıb-seçilən elmi tədqiqat əsərləri, yenilikləri ilə dünya elminin inkişafındakı zirvələri fəth edibmiş. Bu tanışlıqdan, bu uğurdan təəccüb və heyranlıq keçirən imperatriça elmi-tədqiqat institutuna hansısa dəstəyi göstərmək istəyir. Vəzir-əyanlar dərhal ona institutun alimlərini mükafatlandırmağı, maaşlarını qaldırmaqla onlara büdcədən ayrılan vəsaitləri artırmağı təklif edirlər. Bir az düşünən imperatriça bütün bu təklifləri geri çevirərək, elmi-tədqiqat institutunun fəaliyyətinə hər hansı bir yenilik gətirmək fikrindən tamamilə imtina edir.

Bu qərar vəzir-əyanları təəccübləndirir .Səbəblərini söruşan əyanlara isə II Yekatirina belə bir cavab verir ki, elmi-tədqiqat institutu uğurlara bu şərait, bu maaşlar və bu mühitlə nail olub. Maaşların və ya statuslarının qaldırılması dövlətdən maliyyələşən digərlərindən fərqləndirilməsi instituta pul və şöhrət həvəskarlarının toplanmasına gətirib çıxaracaq ki, bu da elmi müəssisənin proqressiv, inkişaf edən mühitini darmadağın etməklə, elm fanatlarının elmi mərkəzdən didərgin düşməsinə səbəb olacaq.

Bəli, məhz bu prinsipin pozulmasını biz indi Azərbaycan futbolunda müşahidə edirik. Uşaq futbolunda 3-5 təcrübəli peşəkar mütəxəssis ölkədən didərgin düşüb, əvəzində pul həvəskarları uzun illər lövbər salıb. Başdakıların futbol sahəsində heç bir fikri olmamaları bir yana, idarəetmə sahəsində bilikləri də 15 ildən sonra verdikləri yarım səhifəlik “hesabat”larında görünür. O da ki, artıq UEFA-nın tələbindən sonra.

Vüqar Arıqlar
Stokholmdan xüsusi olaraq Sportinfo.az üçün

Digər Xəbərlər
Xəbər Lenti