O, "Neftçi" rəhbərliyini baş verə biləcək təxribata hazır olmağa çağırdı

6 İyul 2021 16:00 Azərbaycan Futbolu 1 182
O, "Neftçi" rəhbərliyini baş verə biləcək təxribata hazır olmağa çağırdı

"Çox məsul oyundur. Uzun illərdən sonra "Neftçi" yenidən Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin Çempionlar Liqasının I təsnifat mərhələsinin "Dinamo" ilə baş tutacaq oyununu dəyərləndirən "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib.

Süleymanov UEFA-nın son islahatlarından söz açıb və avrokuboklarda "Qarabağ"la bərabər digər klubların da uğurlu çıxış etməsinin vacibliyini önə çəkib:

"UEFA-nın turnirlərlə bağlı islahatlarından sonra Avropada bir nömrəli klub yarışının mahiyyəti, məsuliyyəti daha da artıb. Bəyənilməyən Avropa Liqası artıq xəyal görünür. Davamlı qruplarda çıxış etdiyimiz turnir artıq Azərbaycan kimi ölkələri "ofsayda" salıb. 3 klubumuzun yeni Konfrans liqasına göndərilməsi buna əyani sübutdur. UEFA klub əmsallar cədvəli indi özünü qabarıq göstərir. "Neftçi"nin, "Qəbələ"nin, hətta "İnter"in vaxtilə yığdığı xallar tarixin yaddaşına köçüb, illər itirilib. İlk 20-yə çatdığımız andan 15-liyi hədəfləmək əvəzinə geri gedirik. Təəssüf ki, 30-cu sıraya daha yaxınıq. Bu barədə zamanında dəfələrlə təhlillərinizi etmişik, fikirlərimizi bildirmişik. Tək bir klub, "Qarabağ" digərlərini Avropada arxasınca çəkə bilməz, nə qədər bal toplanılsa da, sonda 4-ə, iştirakçı komandaların sayına bölünür. Avrokuboklarda çıxış edən bütün klublarımız uğur qazanmalı, reytinq xalları yığmalıdır. Qazanılan hər qələbə, heç-heçə önəm daşıyır".

Sabiq klub rəsmisi "Dinamo"nu "Neftçi"i üçün münasib rəqib sayıb. Amma ehtiyatlı olmağı da tövsiyyə edib: "Neftçi" turnirə aşağı səbətdən başlayır. Buna baxmayaraq münasib rəqib düşüb, daha çətin komandalarla üzləşə bilərdi. Arxayınlığa yol verilməməlidir. Son 10 ildə klublarımız Gürcüstan komandaları ilə dəfələrlə üz-üzə gəlib və mərhələləri adlayıblar. Bu, psixoloji üstünlükdür. "Neftçi"nin "Zestafoni", bizdən öncə "Bursaspor"u keçən "Çixura" üzərindəki qələbələri indi də yaddaşlardadır. Bunlar asan başa gəlməyib. Gürcüstan və Azərbaycan klubları arasında tarixən prinsipiallıq olub. Heyətdən, gücdən asılı olmayaraq bütün komandalar meydanda sona kimi mübarizə aparır".

O, "Neftçi" rəhbərliyini görüşdə baş verə biləcək ixtişaşlara hazır olmağa çağırıb: "Azərbaycan Gürcüstan dövlətləri, xalqları arasında xoş münasibətlərin olmasına baxmayaraq, dost, qonşu ölkədə örgədilmiş, yönəldilmiş separatçı qüvvələr var ki, beynəlxalq futbol qarşılaşmalarında öz məkrli niyyətlərini ortaya qoyurlar, ara qatmağa cəhd edirlər. "Çixura" ilə oyunlarda möhtəşəm fanat-azarkeşlərimizin, müvafiq orqanların operativ dəstəyi ilə istər Bakıda, istərsə Tiflisdə bir çox təxribatların qarşısı alınıb. "Zestafoni" ilə səfər oyunumuzda yerli soydaşlarımızla birgə 1200-dən çox fanatımız "Neftçi"yə möhtəşəm dəstək verib, qələbələrimizdə mühüm pay sahibi olublar. İndi pandemiya ilə bağlı bunları etmək mümkünsüz olacaq. Səfər oyununda yerli azarkeşlər stadiona buraxılsa da, qonaq komanda bundan məhrumdur. Klub rəhbərliyi bu məqamda daha həssas davranmalıdır. Təəssüf ki, Bakıda azarkeşlərin stadiona buraxılması məsələsi həll edilməyib. Avropa çempionatında 20-25 min azarkeşin tribunalarda olması mümkün idisə, 11 minlik stadionda ən azı tutuma uyğun 30% fanatların stadiona buraxılması müsbət hal olardı. Bu yöndə AFFA , klublar müvafiq qurumlarla danışıqlar aparıb məsələni həll edə bilərlər. Əks halda azarkeşlər arasında haqlı narazılıqlar yaranır. Pandemiya qaydalarını gözləmək şərtilə buna yol verilməməsi daha faydalı olar".

Tahir Süleymanov əhəmiyyətli oyun öncəsi "Neftçi"nin son transfer çalışmalarından da söz açıb: "Neftçi" - "Dinamo" qarşılaşmaları 90 ilə yaxındır öz prinsipiallığını daşıyır, qoruyub saxlayır. Bu oyunları milyonlarla insan seyr edib, bu günlərə kimi xatırələrdədir. Belə bir görüşdən öncə təhlillər aparıb komandanın transfer siyasətinə, hazırlığına münasibət bildirib tənqid etmək istəmirəm. Qısa fikir bildirim, "Neftçi" Çempionlar Liqası üçün tam olaraq komlektləşməyib. Transfer çalışmaları, komplektləşmə təlim-məşq toplanışı zamanı tam olaraq yekunlaşmalı idi. Olmamasına səbəb də yoxdur.

Komandanı çoxsaylı ödənişli futbolçular tərk edib, klub maliyyə baxımdan yüngülləşib. Yeni transferlər yəqin ki, olacaq. Çox gecikilir, bu da məşqçilər korpusunun işini daha da çətinləşdirir. Futbolçuların komandaya uyğunlaşması, hazırlığı, fiziki durumlarının bərpası zaman alır, vaxt isə yoxdur, seytnot vəziyyət yaranır.

Mövqelər üzrə keyfiyyətli yerli futbolçu qıtlığı da var. Vaxtilə "Sumqayıt"ın əsas heyətinin bir çox futbolçusu "Neftçi"nin icarəyə verdiyi, pulunu ödətdiyi oyunçular idi, indi vəsaitl ödəyib "Sumqayıt"dan futbolçu alınır. Bu, son 6-7 ildə "Neftçi"də futbolçu yetişməsinə göstərilən münasibətin nəticəsidir. İstənilən halda "Neftçi" meydana çıxıb sona kimi mübarizə aparıb mərhələni keçməyə qadirdir. "Neftçi" kimi tarixi klubun qrup hədəfləri kiçilməməlidir, yoxsa ölkə çempionu olmağın böyük faydası olmaz. Nəinki "Dinamo", ikinci mərhələdə də Yunanıstan klubu qorxunc röya kimi görünməməlidir. "Qəbələ"nin timsalında yunanlar ardıcıl əzilib. Kaxaber Çxadadzenin "Dinamo"un baş məşqçisi olması, onun Azərbaycan futbolunu yaxından tanıması heç nəyi dəyişmir, biz də gürcünün məşqçilik fəlsəfəsini, taktiki gedişlərini əzbər bilirik. Heyətlərində az sayda legionerlə çıxış edirlər, digərləri yerli futbolçulardır. Üstünlükləri çempionatın gedişidir ki, daha formada görünə bilərlər. Bunun da qarşısını "Neftçi" minimum 70-80% hazırlığı ilə almalı, kompensasiya etməlidir. Heyət, taktiki gedişlər öz yerində, bu görüş(lər)də prinsipiallıq, mübarizlik ön sırada olacaq. Digər komponentlərlə yanaşı "Neftçi" psixoloji olaraq görüşə tam hazır olmalıdır. Çempionlar Liqası sıradan bir yarış deyil, tək flaqman azarkeşləri adına yox, bütün Azərbaycan "Neftçi"dən qələbə, mərhələ(lər)in keçilməsini, qrupu gözləyir. Bu çətin yolda "Neftçi"yə uğurlar!".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!