"Qarabağ"la oyunda çoxlu hücum edəcəyik" - XULEN LOPETEGİ

27 Noyabr 2019 17:19 Avropa Liqası 808
"Qarabağ"la oyunda çoxlu hücum edəcəyik" - XULEN LOPETEGİ

"Sevilya"nın baş məşqçisi Xulen Lopetegi "Qarabağ"la oyundan öncə mətbuat konfransı keçirib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını deyib:

"Biz artıq növbəti mərhələyə yüksəlmək məsələsini həll etmişik. "Qarabağ" isə hələ bunun üçün mübarizə aparır. Bilirik ki, rəqibimiz buradan xalla dönməyə çalışacaq. Qarşıdakı oyunu tam məsuliyyətlə keçirməliyik. Biz yaxşı oyun göstərib yaxşı nəticə əldə etmək istəyirik".

"Sevilya"nın baş məşqçisi meydana qələbə üçün çıxacaqlarını bildirib: "Bu, Avropa Liqasının oyunudur və biz qalib gəlmək istəyirik. Uşaqlar bilir ki, hər qələbə vacibdir. Biz çoxlu hücum edib yaxşı müdafiə olunacağıq. Sabah neçə hücumçu ilə oynayacağıq, bir ya iki? Bunu indi deyə bilmərəm. Sabah görəcəksiniz. Biz özümüzə, rəqibə və azarkeşlərə böyük hörmətlə yanaşırıq. Məzmunundan asılı olmayaraq, yaxşı oynamağa çalışırıq. İstənilən halda, meydana hamı tam heyətlə çıxır. Yaxşı oyun sərgiləmək və insanları məmnun etmək istəyirik".

53 yaşlı mütəxəssis start "11-lik"lə bağlı bunları söyləyib: "Kimin oynayacağı ilə bağlı az-çox fikrim var. Əhəmiyyətli olan oyunçuların rəqabət apara bilməsidir. Heyətdə gənc oyunçularımız var. Onlarda aclıq hiss olunur və meydana maksimal ambisiya ilə çıxacaqlar. Ən uyğun olan start heyətlə meydana çıxmağa çalışacağıq".

Lopetegi iki hücumçu ilə oynamaq planının da mümkünlüyünü diqqətə çatdırıb: "Belə bir ideyam var, amma əsas məsələ mübarizə aparmaqdır. Çünki rəqibimiz qarşısında çox böyük hədəf qoyub. Bu, Avropa Liqası matçı olduğundan, qalib gəlmək və yaxşı oynamaq istəyirik. Bununla yanaşı, heç bir xalın bizim üçün önəm kəsb etmədiyini nəzərə alaraq, daxilən motivasiya olunmağa çalışacağıq. Bu halda, biz ən güclü tərəf olacağıq".

Baş məşqçi "Qarabağ"la matçda çoxlu hücum etməyə və yaxşı müdafiə olunmağa çalışacaqlarını vurğulayıb: "Bütün oyunlar çox çətin və bərabərdir. İlk növbədə, qalib gəlməli, daha sonra yaxşı mübarizə barədə düşünməliyik. Futbolçularımız məşqlərdə yaxşı çalışırlar. Bu, önəmli amildir".

Lopetegi kapitan Xesus Navasın sabahkı matçda meydanda olmayacağını da açıqlayıb. O, 34 yaşlı yarımmüdafiəçinin hazırlıq səviyyəsinə dekabrın 1-də "Leqanes"lə keçirəcəkləri La Liqadakı ev oyunu öncəsi baxacaqlarını əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti