"UEFA Kiprdəki oyununun təhlükəsizliyinə ciddi diqqət ayırıb". Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın baş meneceri Asif Əsgərov deyib.
Onun bildirdiyinə görə, UEFA "Qarabağ"la bağlı yeni qərar verib. Avropa futbol qurumu Ağdam klubunun Luksemburqda "Düdelanj"la keçirdiyi oyun zamanı baş verən "dron təxribatı"nı əsas götürüb.
Odur ki, təşkilat "Qarabağ"ın noyabrın 7-də Avropa Liqasının 4-cü turu çərçivəsində APOEL-lə keçirəcəyi səfər oyununu "xüsusi diqqət mərkəzində saxlanması vacib qarşılaşmalar" siyahısına daxil edib.
UEFA bu məqsədlə APOEL-dən Nikosiyadakı görüşün təhlükəsizlik tədbirlərini gücləndirməsini tələb edib: "APOEL-lə təşkilati işlər baxımından heç bir problemimiz yoxdur.
Bakıdakı oyundan əvvəl və sonra oturub bütün məqamları danışmışıq, heç bir sual qalmayıb. Tam təminat almışıq. APOEL söz verib ki, istənilən təxribatın qarşısını almaq məqsədilə işlər görəcək".

